Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində müxtəlif dövlətlərin təmsilçiləri çıxış ediblər. Onlar dünyada sülhün və təhlükəsizliyin təmin olunması, münaqişə risklərinin artması, mədəniyyətlərarası dialoq və tolerantlıq prinsipləri haqqında çıxışlar edib, müzakirələr aparıblar. İştirakçılar bu cür forumun təşəbbüskarı olan Azərbaycana təşəkkür edib, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqa töhfəsini yüksək qiymətləndiriblər.
Ölkə rəhbəri Forumdakı nitqində qeyd edib ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.
Əldə edilən tarixi qələbə və bu il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavən, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrildi. Azərbaycan indi yeni bir reallıq yaradıb. Bu reallıq ölkələrin ərazi bütövlüyü, suverenliyi fonunda sülhü təşviq edir. Azərbaycan heç də yeni müharibə aparmaq arzusunu deyil, sülh, əməkdaşlıq istiqamətində əlaqələrin inkişafını zəruri amil kimi önə çəkir. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməli, ərazi bütövlüyü qarşılıqlı surətdə tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Və Ermənistan tərəfi də artıq anlamalıdır ki, sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün ciddi perspektiv vəd edir, sülh prosesinin gecikdirilməsi isə Ermənistan tərəfi üçün vaxt itkisidir. Odur ki, Ermənistanın bir yolu var, o da Azərbaycanın təklifləri ilə razılaşmaq.
Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük.
Regionda vəziyyətə diktə edən tərəf Azərbaycandır və ölkəmiz öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, diplomatik siyasətinin reallığıdır.
Varid Əsgərov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı