Belarus Prezidentinin Azərbaycana səfəri hər iki dövlətin milli maraqlarına uyğundur, gələcək inkişaf və təhlükəsizlik üçün zəmanət olmaqla, dünyada sülhün, əmin-amanlığın bərpa olunmasına xidmət edir. Dövlətimizin rəhbəri mətbuata bəyanatında bildirmişdir: “Aparılan danışıqlar-təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı-gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik”.
Səfər zamanı iki ölkə arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi-sənaye, nəqliyyat, turizm, iqtisadiyyat sahələri ilə əlaqədar sənədlərin imzalanması gələcək inkişafa yeni yollar açır. Belarus Prezidentinin Azərbaycan haqqında söylədiyi ifadələr qürurvericidir. O, qardaş xalqlar arasında dərin hörmət və münasibətləri yüksək qiymətləndirərək demişdir: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq deyil. Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.
Hər iki ölkə rəhbəri Azərbaycanın müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq, bərpa, təmir-tikinti işlərinə diqqəti cəlb etməklə həmin işlərin daha da sürətləndirləcəyinə ümidvar olduqlarını bildirdilər.
Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Belarus arasında müzakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Ölkələrimiz arasında maşınqayırma da daxil olmaqla, sənaye kooperasiyası, birgə istehsal, həmçinin hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı perspektivlərinin müzakirə olunması münasibətlərin sonrakı mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdi. Çünki Dövlətimizin başçısının vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. A. Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirib. O, Azərbaycan ilə Belarus xalqları arasında dərin hörmət və sıx münasibətlərin olduğunu vurğulayıb. Bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir.
Rauf Nəzərov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi