Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Bakıda Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata birgə bəyanatında bildirib ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir.
Azərbaycanın Mərkəzi Asiya dövlətlərindən biri olan Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Qardas və dost ölkə ilə Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb.
Emoməli Rəhmonun bu dəfəki səfəri çərçivəsində Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Bir daha təsdiq olunub ki, bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Səfərdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli, 1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. 2022-ci ildən əvvəl Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir. Beləliklə, bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Özüxan Niftiyev,
Cəlilabad şəhər bələdiyyəsinin sədri