“Avropa Siyasi Birliyi”nin hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Avropa İttifaqı üzvü olmayan digər dövlətlər daxildir. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Avropa Siyasi Birliyinin ilk zirvə toplantıs ı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib. 44 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi sammit Avropa ölkələrinin liderlərini bərabər hüquqlu və birlik ruhunda bir araya gətirib. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər Zirvə toplantısı çərçivəsində Prezident cənab İlham Əliyevin dövlət və hökumət başçıları ilə görüşləri də baş tutdu. Diqqətçəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu da onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır.
Moldovanın paytaxtı Kişineuda “Avropa Siyasi Birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparıblar. Həmin il oktyarbr ayının 5-də isə İspaniyanın Qranada şəhərində “Avropa Siyasi Birliyi” 3-cü Zirvə toplantısı keçirilib. 51 ölkənin iştirakı ilə real-laşan sammitdə Avropanın gələcəyi müzakirə edilib. Avropa İttifaqı bildirir ki, “Avropa Siyasi Birliyi” genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niyyəti daşımır, eyni zamanda orada yer alan ölkələrin nə vaxtsa mütləq Avropa İttifaqı üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq məqsədi daşıyır. Qərbi Balkan ölkələri, “Şərq Tərəfdaşlığı” ölkələri və Avropa İttifaqı ilə yaxın münasibətləri olan digər Avropa ölkələri də birliyin iştirakçısı ola bilərlər.
Nazim Fərəcov
Saatlı Rayon Rəsm Qalereyasının əməkdaşı