Prezident İlham Əliyev iyulun 20-də 2-ci Qlobal Şuşa Forumundakı çıxışında söyləyib ki, Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas mənbəyi olan neft-qaz ehtiyatlarımız üzrə düşünülmüş planlar var.
1994-cü ildə Ulu Öndər tərəfindən tarixi qərar qəbul edildi. 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər öz əlləri ilə Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu.
Yəni, bütün bunlar o vaxt da, bu gün də bizim gördüyümüz işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir.Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş Elektrik Stansiyasını – 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib. Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır. Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz hidroelektrik enerjisi sahəsinə vəsait yatırmışıq. Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir.
2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayanda qarşıya konkret hədəf qoyduq. Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq öhdəlik deyil, bu, bizim hədəfimizdir. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın həcmdə nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaqdır. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud şəbəkə – Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır.
İlkin Zeynalov,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin
Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi