• C. Okt 18th, 2024

Vətən müharibəsinin ilk böyük qələbəsi

ByVuqar Ferzeliyev

Okt 2, 2024

       Biz Cəbrayılın azad olunmasının ildönümünü qeyd edirik. Bu illər çox sürətlə keçdi və bu qələbəmiz hər birimizi sevindirir.27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdi. Lakin təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Doğma torpaqlarımızı azad etməklə xalqımız şərəfli tarix yazdı.

        Azərbaycan Ordusunun başladığı uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edildi. Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olundu.  Döyüşlərin ilk günündə Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.

       Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olub. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.     

        Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan xalqının ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı. Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

       Vətən qəhrəman oğullarının şücaətini daim yüksək qiymətləndirir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 22797 hərbi qulluqçu  “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Emil Şəmmədov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir