• C. Okt 18th, 2024

Cəbrayıl bərpa olunur

ByVuqar Ferzeliyev

Okt 2, 2024

         Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.

       Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Cəbrayıl rayonunda mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirirdi.

      Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.  İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan, 1050 km-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd vəhşicəsinə dağıdılıb.

        Hazırda Cəbrayılda geniş bərpa-quruculuq işləri aparılır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrılıb, investorlar müəyyən olunub. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir, elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanacaq. SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyanın tikintisinə yaxın vaxtlarda başlayacaq. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib.

Ceyhun Rəhimov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir