• Şb. Noy 23rd, 2024

Zəngilanın strateji əhəmiyyəti böyükdür

ByVuqar Ferzeliyev

Okt 17, 2024

        Oktyabrın 20-də Zəngilan Şəhər Günü qeyd olunur. Bu əlamətdar tarixin bayram kimi xatırlanması artıq ənənə halını alır. 

        Zəngilan strateji cəhətdən xüsusi əhəmiyyat daşıyan məkandır. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

       Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar. Ordumuz onların yurd həsrətinə son qoydu. Bu insanlar gec-tez geri qayıtmalı idilər.

       Bu, xalqımızın haqqı və hüququmuz idi, bizə BMT Nizamnaməsinə uyğun olan özünümüdafiə hüququnu tanıyan məsələ idi. Biz bu məsələni öz gücümüzlə həll etdik.

       Qələbədən sonra bölgənin inkişafı üçün bütün imkanlarımız – siyasi iradə, xalqın dəstəyi, maliyyə resurslarımız olduğuna görə azad olunmuş torpaqların bərpası və yenidən qurulması qarşıya bir məqsəd olaraq qoyuldu. Bu, həm də strateji hədəf kimi müəyyən edildi. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub.

       Strateji hədəf kimi bir cəhəti xüsusilə qeyd emək vacibdir ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilir. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

Günay İbrahimova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir