Xalqımız həmişə olduğu kimi Dünya azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili böyük ürək açıqlığı və ruh yüksəkliyi ilə qeyd edir. Məhz bu günlərdə cəmiyyətimizdə gələcəyə inam, ruh yüksəkliyi, humanizm və xeyirxahlıq duyğuları özünü daha bariz şəkildə göstərir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bu müqəddəs ideya müstəqil respublikamızın daha da möhkəmlənməsi və çiçəklənməsi üçün başlıca şərtdir. Müəyyən mənada iqtisadiyatımızın və mədəni həyatımızın inkişafında baş verən təbəddülatlar da bu məfkurənin hansı səviyyədə həyata keçirilməsindən asılıdır və zaman keçdikcə bu cəhət özünü daha bariz şəkildə büruzə verir.
Dünya azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini özündə təcəssüm etdirir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təsis olunmuş bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün bir zərurətə, mənəvi ehtiyaca çevrilmişdir. Hər birimiz bir daha minnətdarlıq hissi ilə qeyd etməliyik ki, dahi rəhbərimiz xalqımızın xoşbəxt gələcəyini milli birlikdə, dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlıların bir doğma ideya – azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməkdə görürdü. Ulu öndərimiz dəfələrlə bəyan etmişdi ki, harada yaşamasından və fəaliyyət göstərməsindən, hansı ictimai qurumda çalışmasından asılı olmayaraq azərbaycanlıların dünya ailəsində tanınmasının ilkin şərti azərbaycançılıq ideologiyasıdır, bu ideologiyanı hər bir həmvətənimiz və soydaşımız əl-ələ verib inkişaf etdirməli, gələcək nəsillərə çatdırmaqda səylərini əsirgəməməlidir.
Ulu Öndərin milli həmrəylik sahəsində işlərini uğurla davam etdirən Prezident İlham Əliyevin effektiv siyasəti bu gün bütün dünyaya nümunədir. Cənab İlham Əliyevin kimi, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlər daim diqqətdə saxlanılmalıdır. Biz taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirməliyik.
Xumarə Xəlilova,
Cəlilabad RİH-nin əməkdaşı