• Ç. Fev 5th, 2025

Azərbaycan idmanı və idmançıları dövlətin yüksək qayğısı ilə əhatə olunub

ByVuqar Ferzeliyev

Dek 27, 2024

2024-cü il Azərbaycan idmanının inkişafında mühüm mərhələ oldu. İlin ərzində keçirilən bir çox tədbirlər, çempionatlar və Qran-Pri yarışları, ölkəmizin idman sahəsindəki nüfuzunu bir daha təsdiqlədi. Azərbaycan idmançıları beynəlxalq arenalarda 1700-ə yaxın medal qazanaraq, öz bacarıqlarını və ölkənin idman potensialını sübut etdilər. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin uğurlu təşkilatı isə göstərdi ki, Azərbaycan yalnız paytaxt Bakıda deyil, həm də idman infrastrukturu olan regionlarda belə mötəbər yarışlara ev sahibliyi edə bilər.
Son illərdə Azərbaycanın təşkil etdiyi I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi mötəbər tədbirlər, ölkəmizin idmana verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bu yarışlar təkcə idman sahəsində deyil, həm də turizm, iqtisadi əlaqələr və mədəniyyət sahəsində irəliləyişlərə yol açmışdır.
2024-cü il ərzində keçirilən Olimpiya Oyunları Azərbaycan üçün tarixi nəticələrlə yadda qaldı. Bu oyunlarda ölkəmiz komanda hesabında ən yüksək nəticə olan 30-cu yeri tutdu. İdmançılarımızın uğurları, ölkədə idmanın inkişafı və yeni nəsil idmançıların yetişdiyini təsdiqləyir.
Azərbaycanın müxtəlif bölgələrində müasir idman infrastrukturunun yaradılması ölkəmizin idmana verdiyi əhəmiyyətin göstəricisidir. Hazırda ölkənin müxtəlif regionlarında 40-dan çox müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə də idman qurğuları və stadionların inşası həyata keçirilir. Ağdamda inşa edilən beynəlxalq standartlara uyğun stadion, Füzulidə əsası qoyulmuş Olimpiya İdman Kompleksi və Suqovuşan ilə Köndələnçay su anbarlarında təşkil edilən beynəlxalq avarçəkmə yarışları bu prosesin bir hissəsidir. Şuşada da artıq bir neçə idman yarışı keçirilmişdir.
Azərbaycan növbəti ildə Üçüncü MDB Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu məqsədlə 14 şəhər seçilib və əsas tədbirlər Gəncədə keçiriləcək. Gəncə şəhərində yeni stadion inşa edilir və artıq istifadəyə verilmiş böyük Olimpiya İdman Kompleksi bu oyunların uğurla keçirilməsi üçün əlverişli şərait yaradır. Gəncənin tarixi simasının qorunması ilə yanaşı, infrastrukturun yenilənməsi də planlaşdırılır.
Dövlətin idman sahəsinə göstərdiyi yüksək diqqət və qayğı idmançıların uğurlarında mühüm rol oynayır. İdmançılar mənzillərlə, dövlət təltifləri ilə mükafatlandırılır, məşqçilərə və idman mütəxəssislərinə yardım göstərilir. Bu yanaşma ölkədə idmanın daha da inkişaf edəcəyinə və Azərbaycan idmançılarının beynəlxalq arenalarda daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Məmmədhəsən Mənsimov
Saatlı Heydər Əliyev Mərkəzinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir