1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.
Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun həyatımızın mühüm amili olduğunu diqqətə çatdıraraq bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulmasının adi hal aldığını göstərir. Həqiqətən də film dublyajından, tərcüməsindən başlayaraq küçə və meydanlardakı reklamlarda, afişalarda, mətbuat səhifələrində, telekanallarda Azərbaycan dilinin adi leksik və qrammatik qaydaları pozulur. Biz dəfələrlə ana dili ilə bağlı müxtəlif mövzulara, problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları göstərmiş, dilçi alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır.”
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Beləliklə, ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur.
Ələkbər Dövlətov,
Lənkəran-Regional Qaz İstismarı İdarəsinin
rəisinin Cəlilabad rayonu üzrə müavini