Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, Macarıstan ölkəmiz üçün mühüm strateji dövlətdir. İki ölkə arasında çoxsaylı sənədlər imzalanıb ki, bunlar İlham Əliyevin Budapeştə bu səfərilə bir daha yeniləndi. Ticari-iqtisadi, mədəni, müasir texnologiyaların tətbiqi, sosial sferada əməkdaşlığa qədər bütün münasibətləri əhatə edən müqavilələr imzalandı. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşıb. Azərbaycan Prezidentinin Macarıstan səfəri iki ölkə arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq münasibətlərinə qədər inkişaf etməsinə gətirib çıxaracaq.
Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub.
Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var.
Ölkəmizin rəhbəri həmçinin vurğulamışdır ki, bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Macarıstanla ticarət dövriyyəmiz son illərdə xeyli yüksəlib. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Baş nazir Viktor Orbanın bəyanatında deyilir ki, dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.
Macarıstan və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq da qalacaq.
Səməd Rüstəmov,
Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin rəisi