Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda deyib: “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Macarıstan Respublikası ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq, podrat layihələrində iştirak etmək imkanları kifayət qədər genişdir. Azərbaycan zəngin resurslara malik olan ölkədir. Azərbaycan Avropanın mavi yanacağa artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan-Macarıstan əlaqələrində yeni mərhələ olacaq.
Samir Talıbov
Saatlı Tyarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı