• Şb. May 24th, 2025

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir

ByVuqar Ferzeliyev

May 23, 2025

Mayın 21-də  Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşünün keçirilməsi, buradakı müzakirələr bir daha göstərdi ki, TDT artıq beynəlxalq aləmdə öz sözünü deyən və nüfuzu olan nəhəng bir birliyə çevrilib. Bu gün əsas vəzifə ondan ibarətdir ki, türkdilli qrupa daxil olan dövlətlər dünya birliyində birgə hərəkət etməyə üstünlük verdiklərini nümayiş etdirirlər.

Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Davamlı iqtisadi inkişaf ən zəruri makroiqtisadi göstəricilərdən biri olan adambaşına düşən ÜDM-in həcmində özünü aydın şəkildə göstərmişdir. Azərbaycanda baş verən iqtisadi inkişaf bu gün dünyada heyrətlə qarşılanır. Ölkəmizin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib.

Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.

Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

        Beləliklə, Budapeşt Zirvə görüşü ölkələrimiz arasında mövcud olan çoxşaxəli münasibətləri tamamlayan, ortaq maraq və fayda əsasında baş tutub. Qəbul olunan Bəyannamə isə eyni zamanda türk dünyasının gələcəyinə dair strateji əhəmiyyətli yol xəritəsidir.

Rafiq Ağayev,

Yeni Azərbaycan Partiyası

Cəlilabad Rayon Təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir