• Ça. İyn 23rd, 2026

Tarixi Azərbaycan-Türkmənistan münasibətləri

ByVuqar Ferzeliyev

İyn 23, 2026

        Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri bir daha göstərdi ki, eyni kökə aid olan azərbaycanlılar və türkmənlər həm də eyni mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.

          İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb.

         Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. İki qardaş ölkə böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edir. İki ölkə bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması isə xalqlar arasında əsrlərdən gələn birliyi möhkəmləndirən mühüm rəmzi addım oldu.     

                                                                                        Pərviz Ağayev,

                            Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Şabanlı kənd inzibati

                            ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir