• Be. Sen 15th, 2025

   Ölkəmizin suverenliyi əbədidir

ByVuqar Ferzeliyev

Sen 15, 2025

       Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunan unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edilib. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

        2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.  

       İkinci Qarabağ müharibəsi Azərbaycanın 30 ilə yaxın davam edən işğala son qoyması və ərazi bütövlüyünü təmin etməsi ilə nəticələndi. Bu, dövlətin beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi və suverenliyinin bərpası demək idi: “Digər tərəfdən, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı isə separatizmə tamamilə son qoydu və Azərbaycan ərazilərində qanunsuz silahlı dəstələrin mövcudluğunu aradan qaldırdı.

       Bu qələbələrin regional təhlükəsizlik baxımından əhəmiyyəti olduqca böyükdür. Əvvəla, bölgədə artıq yeni bir geosiyasi reallıq formalaşmışdır: Azərbaycan öz gücü ilə beynəlxalq hüququ bərpa edən ölkə kimi nümunə göstərir. Bu, həm regiondakı digər dövlətlər, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır ki, hüquqi ədalət gec-tez bərpa olunur. Eyni zamanda, müharibədən sonrakı mərhələdə aparılan bərpa və Böyük Qayıdış prosesi Azərbaycanın güclü dövlət quruculuğunu nümayiş etdirir. Azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, yeni şəhər və kəndlərin salınması, köçkünlərin yurdlarına qaytarılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Bu, həm də regionun sosial və iqtisadi sabitliyinə birbaşa təsir göstərir.

Aqil Nəzərov,

Şəhid qardaşı, Vətən müharibəsi iştirakçısı, Komanlı

kənd tam orta məktəbinin müəllim