• Be. Sen 15th, 2025

30 il işğal altında olmuş ərazilər suveren Azərbaycan əraziləridir

ByVuqar Ferzeliyev

Sen 15, 2025

       2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.

       Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.

       Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi.

        Hətta Azərbaycanın bu işğalla barışması üçün bizi daim təzyiq altında saxlamaq yolunu tutdular, sərhəd bölgələrində vaxtaşırı hərbi təxribatlar törətdilər. Belə təxribatların birində Azərbaycan ordusu əks-hücum əməliyyatına keçmək məcburiyyətində qaldı və 44 günlük müharibə Azərbaycanın parlaq Zəfəri ilə sonuclandı. Lakin bu da ermənilərə dərs olmadı. Nəhayət, ordumuz 2023-cü ilin 19 sentyabrında antiterror əməliyyatına başlamağa məcbur oldu və Azərbaycan ərazisindəki erməni terror yuvalarını darmadağın etdi.

   Biz dövlət suverenliyimizlə fəxr edirik, bunun üçün hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümüzü daim bəyan etmişik və edəcəyik.

Zeynəddin İbrahimov

şəhid atası, Hacıcavad kənd tam orta məktəbində müəllim