Naxçıvan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının daim hiss olunduğu bölgələrdəndir. Bu, təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davamlılığı Naxçıvan siyasətində də özünü aydın göstərir. Dövlət başçısı Muxtar Respublikanın inkişafını mütəmadi səfərləri, yerində müşahidələri, tapşırıq və göstərişləri ilə təmin edir. Naxçıvanda son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur, sosial və iqtisadi layihələr də bu siyasətin praktiki nəticələridir. Avqustun 11-də baş tutmuş səfər də qədim bölgəyə çox şey verdi.
Naxçıvan Azərbaycana bir çox görkəmli şəxsiyyətlər, Heydər Əliyev kimi Ulu Öndəri bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr birinci növbədə Azərbaycan üçün, sonra geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir. Bir vaxtlar Naxçıvan yolların kənarında qalmışdı. İndi isə yeni yolların qovşağına çevrilmək ərəfəsindədir.
Bildiyimiz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrlərə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir.
Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir.
Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edirik.
Özal Kazımov,
Cəlilabad RİH-nin əməkdaşı
