“Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik”. Bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik.
Biz özümüzü müdafiə etdik.. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı işğala son qoydu. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik.
Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması yoxdur.
Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik.
Lakin buna baxmayaraq, biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq. Buna görə, sözsüz ki, biz həmişə potensial risklərə qarşı çox diqqətli olmalıyıq və özümüzü istənilən potensial mürəkkəbliklərdən qorumalıyıq.
Simran Əlizadə,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
