Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.
Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.
Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. AZAL müntəzəm sərnişin reysləri – Bakı-Daşkənd-Bakı (həftədə 7 uçuş), Bakı-Səmərqənd-Bakı (həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2 uçuş) həyata keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir.
Ofeliya Sadatova,
