Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibə Azərbaycan–Özbəkistan əməkdaşlığının keçmişi, bu günü və gələcəyi haqqında dərin və sistemli baxışı əks etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı etimada, sarsılmaz dostluğa və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin daha da möhkəmlənəcəyini göstərir. Prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycan və Özbəkistanın ortaq tarixə, dəyərlərə və məqsədlərə söykənən müttəfiqliyinin regional sabitliyə, inkişaf və tərəqqiyə xidmət etdiyini bir daha nümayiş etdirdi.
Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Dövlət başçısı fürsətdən istifadə edərək qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Xüsusilə Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi bölgə üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə sıx əlaqələr mövcuddur. Ölkəmizdə təxminən 120 Özbəkistan investisiya kommersiya təşkilatı qeydiyyatdan keçmişdir. Əmtəə dövriyyəsi keçən yanvar-sentyabr ayları ilə müqayisədə bu il 87.5 faiz artmışdır. Özbəkistan-Azərbaycan iqtisadiyyatına 21.8 milyon ABŞ dolları, Azərbaycan qardaş ölkənin iqtisadiyyatına 183.5 milyon ABŞ dolları sərmayə qoymuşdur. Nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi yaxşı nəticələrini göstərməkdədir.
Prezident İlham Əliyev öz müsahibəsində vurğulayıb ki, qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm. Hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir. Qardaş Özbəkistan xalqını doğma qardaşlarımız kimi qiymətləndiririk.
Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi
