Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlətçiliyimizə çox qəsdlər
olub. Hətta bu qəsdlər bir zərərli ənənə kimi bir çox siyasi və hərbi qüvvələrin
vərdişinə çevrilmişdi. Məhz ulu öndər Heydər Əliyev qətiyyəti bu bəd niyyətlərdən
əl çəkməyənlərə tarixi bir dərs verdi. 1995-ci ilin martında Azərbaycanın başı
üzərində yenə də qara buludlar dolanırdı, qan-qada bahasına əldə olunan
müstəqilliyimiz növbəti sınaqla üz-üzə qalmışdı. Bu, 1994-cü ilin oktyabr ayındakı
dövlət çevrilişinə cəhdin davamı idi. O zaman Heydər Əliyev kimi müdrik
şəxsiyyətin dövlətimizin başçısı seçilməsi bəzi adamlarda qısqanclıq yaradırdı,
silah gücünə hakimiyyətə gəlmək iddiası müstəqilliyimizə və Azərbaycanın
dövlətçiliyinə zərbə vurmaq idi.
O günlər Azərbaycanın taleyində yeni sınaq idi. Qanunsuz silahlı qüvvələr
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” bağlananda birdəfəlik hiss etdilər
ki, dünya ictimaiyyəti də Azərbaycanın müstəqilliyini, ölkəmizdə yaranmış
sabitliyi qəbul edir. Müəyyən qüvvələr vardı ki, Azərbaycan dövlətçiliyinin
qüvvətlənməsini istəmirdilər. Öz məqsədlərinə çatmaq üçün müxtəlif xarici
ölkələrin kəşfiyyat orqanları vasitəsilə fitnəkarlıq törədirdilər. Onlar ağsaqqalları,
ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Belə qüvvələrin ən təhlükəlisi
Xüsusi Təyinatlı Polis Dəstəsi idi. Bu dəstə ona görə təhlükəli hesab olunurdu ki, o
yüksək dərəcədə silahlanmışdı.
O məqamda Daxili İşlər Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Polis
Dəstəsinin üzvləri ölkəni vətəndaş müharibəsinə sürükləyirdilər. Ayrı-ayrı
müxalifət qüvvələrindən, xarici kəşfiyyat orqanlarından hərbi və siyasi dəstək alan
Cavadov qardaşları hakimiyyəti devirmək, bir çox ictimai-siyasi xadimləri qətlə
yetirmək niyyətlərini gizlətmədilər. Məkrli düşmən qüvvələr 1993-ci ilin yayından
sonra dəfələrlə puç olmuş xain niyyətlərini həyata keçirmək üçün omonçuların əli
ilə açıq hərbi mübarizəyə keçmişdilər.. Martın əvvəllərində Qazaxda və Ağstafada
başlanan dövlət çevrilişinə cəhd getdikcə paytaxta doğru səmtlənirdi. Onların bu
hərəkəti dövlətə açıq-açığına meydan oxumaq, hakimiyyəti zor gücünə, silah
gücünə mənimsəmək cəhdi idi. Hərc-mərclikdən, özbaşınalıqdan yaxasını yenicə
qurtlaran ölkə təzədən fəlakətə sürüklənirdi. Bir yandan erməni işğalçılarının ardı-
arası kəsilmədən törətdikləri vəhşiliklər, digər tərəfdən öz içərimizdəki qara
qüvvələrin naqis əməlləri ölkəmizi uçuruma yuvarlayırdı.R.Cavadovun
adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı
müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə,
heç bir nəticə vermirdi. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı
şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son
qoyulmasını tələb edirdi. Hadisələr sürətlə inkişaf edirdi. Lakin bir əminlik,
yəqinlik var idi ki, Heydər Əliyevin iradəsi ilə ölkəmiz növbəti fəlakətdən xilas
olacaqdır.
Azərbaycan xalqının ulu öndərə Heydər Əliyevə, qanuni hakimiyyətə
birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbidir.Azərbaycanın tarixində
baş verən bu hadisələr, yəni 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri,
dövlət çevrilişinə cəhdlər həqiqətən Azərbaycanın müstəqilliyinə qarşı yönəlmişdi
və bu qanuni hakimiyyətə, dövlət orqanlarına qarşı ən böyük dəhşətli
qəsdlərdəndir. O vaxt yalnız Heydər Əliyevin müdrikliyi sayəsində qanlı
olaylardan xilas ola bildik.
Təbiidir ki, belə xoşagəlməz olayların baş verməsini heç bir namuslu
vətəndaşımız arzulamazdı. Amma neyləyəsən ki, dəfələrlə əli qana batmış, xüsusi
qəddarlıqda ad çıxarmış bu dəstənin qarşısı alınmalı idi. Daim öz xalqına arxalanan
Heydər Əliyev dərhal xalqa müraciət etdi, onun cəsarəti, qətiyyəti ilə, nəhayət ki,
bu quldur dəstəsi darmadağın edildi. Azərbaycanda zor gücünə, silahlı dəstələrdən
istifadə etməklə hakimiyyətə gəlmək kimi bədnam ənənəyə son qoyuldu. Xalqın
dövlətə, hakimiyyət orqanlarına inamı, hörməti artdı. Neçə illərin qovğalarından
bezmiş məmləkətimiz demokratik, hüquqi dövlət quruculuğu sahəsində böyük
uğurlar qazanmağa başladı.
Həmin hadisələr göstərdi ki, qara qüvvələrin dairəsi nə qədər geniş olsa da,
respublikamızın əhalisi heç nədən çəkinmədi, Heydər Əliyevin ətrafında sıx
birləşərək vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və
ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu.
Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə
daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
Zaman bir daha sübut etdi ki, Azərbaycanın bütövlüyünün qorunması Ulu Öndər
Heydər Əliyevin tarixi missiyasıdır. Xalq öz milli liderini müstəqilliyinin
təminatçısı hesab edir, başqa heç kimi tanımır. Odur ki, qalib Ali Baş Komandan
İlham Əliyevin səriştəsi sayəsində Azərbaycan xalqı belə cəhdlərə heç vaxt imkan
verməyəcək, müstəqilliyimizi qoruyacağıq və bu yolda Prezidentimizə daim
dəstək verəcək. Biz onun daxili, xarici siyasətini bəyənir və onun ardınca gedirik.
Urşan Rəhimov, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, ziyalı