2020-ci ilin payızında Ermənistan hərbi təxribatlarına qarşı aparılan Vətən müharibəs təkcə torpaqlarımızın işğaldan azad edilməsi demək deyildi. Əldə olunan Zəfər qələbəsi ədalətin bərpa olunması, 30 il müddətində 1 milyondan artıq soydaşımızın hüquqlarının bərpası idi. Münaqişənin uzun çəkməsi isə beynəlxalq ictimaiyyətin “ikili standartlar” siyasətinin nəticəsində xalqımıza və dövlətimizə qarşı beynəlxalq ədalətsizlik nümayiş etdirmələri idi. 26 illik danışıqlar prosesi zamanı daim münaqişənin sülh yolu ilə həllinə çalışan Azərbaycan sonda güc yolu ilə ölkəmizə qarşı ədalətsizliyə son qoymaq məcburiyyətində qaldı. Vətən müharibəsində qısa zaman ərzində düşmənin darmadağın edilməsi Xocalı soyqırımı, birinci Qarabağ müharibəsi qurbanları və 30 il müddətində erməni hərbi təxribatlarının qurbanı olmuş soydaşlarımızın qisasının alınması idi.
Münaqişəyə son qoymaqla Azərbaycan təcavüzkar Ermənistan və ona dəstək verən beynəlxalq erməni terrorundan təkcə xalqımızı deyil, ümumilikdə bəşəriyyətin xilasına təkan verdi. Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan və Ermənistan arasında iqtisadi və hərbi güc fərqini dünyaya nümayiş etdirdi. 44 günlük döyüşləruin hər anında düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycana qarşı erməni hərbi silahlı birləşmələri terror qruplaşmaları yalnız dinc yaşayış məntəqələrimizə artilleriya və raket zərbələri vurmaqla mülki əhaliyə qarşı faşist əməllərini həyata keçirdilər ki, bu da rəsmi İrəvanın dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməsinə imkan verdi.
Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin xarakteri, qətiyyəti, cəsarəti, vətənpərvərliyi bir nümunə oldu. İşğalçı Ermənistan ardıcıl və məqsədyönlü şəkildə danışıqlar prosesini pozur, bu məqsədlə təxribatlar törədirdi. 44 günlük müharibədən öncə bu hal daha intensiv və açıq xarakter almışdı. Müharibə dövründə isə mülki əhali, şəhər və kəndlərimiz atəşə tutulur, müharibə cinayətləri törədilirdi. Müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Azərbaycanı güclü dövlətə çevirməklə və ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzusunu yerinə yetirdi. Azərbaycan xalqı üçün ən mühüm əhəmiyyət kəsb edən, taleyüklü problemin həllində Prezident İlham Əliyev prinsipiallıq, uzaqgörənlik, məqsədyönlü və düşünülmüş siyasət ortaya qoydu.
Ruslan Abasov, müəllim