• C. Apr 19th, 2024

Şəhid ailələrinin problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir

ByYenigun.news

Apr 13, 2021

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalına son qoydu. Bu haqq savaşında şəhidlərimiz, yaralılarımız oldu. Prezident İlham Əliyev öz çıxışlarında Vətən müharibəsi, eləcə də İkinci Qarabağ müharibəsi şəhidlərinin qanının yerdə qalmadığını, düşməndən intiqam alındığını, ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq, şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağımızı diqqətə çatdırıb. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət təxirəsalınmaz vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır.
Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyevin şəhid ailələri ilə bağlı imzaladığı yeni Fərmana əsasən isə daha çox şəhid ailəsi birdəfəlik müavinət alacaq ki, bu da şəhidin hansı statusda xidmətə çağırıldığı və hansı şəraitdə öz həyatını Vətən üçün fəda etməsindən asılı olmayaraq hər birinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olmasının sübutudur.
Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bundan başqa, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır. Şəhid ailələrinin hər birinə şamil edilən birdəfəlik təqaüdün, habelə əlavə 35 milyon manatın ayrılması çox müsbət haldır. Bu siyasət davamlı xarakter daşıyır və həmin model həm də Cənab İlham Əliyevin yürütdüyü uğurlu sosial siyasətin məntiqi nəticəsidir. Çünki o, bütün çıxışlarında Azərbaycan dövlətinin əsas siyasi istiqamətlərindən birinin məhz sosial siyasət olduğunu qeyd edir və bu reallıq özünü davamlı şəkildə isbatlayır. Bu isə bizlərin hər birində qürur, fərəh hissləri yaradır.
Vüqar Cavadov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir