• Ca. Apr 25th, 2024

AĞDAMIN BƏRPASI QALİBİYYƏTİN TƏNTƏNƏSİDİR

ByVuqar Ferzeliyev

Fev 16, 2022
Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri də qələbənin rəsmiləşdirilməsi deməkdir.
 Yaxşı xatirimizdədir, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il mayıın 28-də Ağdam bölgəsinə səfər etmişdi. O vaxt gördük ki, cənab İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmış olub. Bu il fevralın 13-dəki səfər zamanı bir daha əyani şəkildə gördük ki, xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Bu isə onu göstərir ki, bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub.
     İndi budur, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır.    
   Prezident İlham Əliyev Azərbaycan xalqını dünyaya yenidən qürurlu xalq, döyüşkən xalq, itirilmiş torpaqlarını qaytaran xalq kimi təqdim etmişdir. O. yeni ordu qurdu, ordumuzu ən yeni silahlarla silahlandırdı, yeni vətənpərvər gənclər nəsli yetirdi, XXI əsrin müharibəsini apararaq ən yeni taktika və strategiya tətbiq etdi. Bu gün hətta dünyanın güc mərkəzləri də İkinci Qarabağ müharibəsindəki taktikadan öyrənir. Dövlət başçımız  Ermənistanı təkcə hərb meydanında darmadağın etmədi, diplomatiya sahəsində, informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğratdı, informasiya müharibəsinin yeganə baş qəhrəmanı oldu. İki əsrlik Qarabağ münaqişəsini uğurla həll edən Müzəffər Ali Baş Komandana, Azərbaycan xalqını ən ülvi arzusuna çatdıran əsl xilaskarsımıza eşq olsun!

Mirsüleyman Mirxaslı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir