• Şb. Apr 20th, 2024

Cəlilabadda 31 mart-Azərbaycanlıların Soyqırımı günü qeyd edilmişdir

ByVuqar Ferzeliyev

Mar 31, 2022

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində 31 mart Azərbaycanlıların Soyqırımını əks etdirən rəsm sərgisinə baxıblar.

Anım tədbirində 31 Mart soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciələr, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 31 mart və 1-2 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnaklar və bolşeviklər azərbaycanlılara qarşı soyqırım törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Ermənilərin Azərbaycan xalqına qarşı mənfur siyasəti bununla bitməyib. 1988-ci ildən törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu işğal edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan ərazisində minlərlə dinc insanın qəddarlıqla öldürülməsi, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılması qan yaddaşımızda hər zaman qalacaq.

Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrə ilk dəfə siyasi qiymət verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqlarının rəsmi surətdə bəyan edilməsi, habelə digər mühüm məqamlar xüsusi vurğulanmışdır. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edir. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib.

Anım mərasiminin iştirakçılarından Mirsüleyman Mirxaslı, Ramin Rəhimov, Asif Həsənli, Ələsgər Mirzəzadə və Səidə Şükürova çıxış edərək 31 Mart-Azərbaycanlıların soyqırımının yaranma səbəblərindən, ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlardan və soyqırım siyasətindən ətraflı bəhs etmişlər.
Tədbirdə 31 mart Azərbaycanlıların Soyqırımı haqqında sənədli film nümayiş etdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir