• Be. Dek 30th, 2024

Bu gün məktəblərdə “Son zəng”dir

ByYenigun.news

İyn 14, 2021

Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçiriləcək.

Yenigun.news xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında “Son zəng” tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə baş tutacaq.

Belə ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilə bilər.

Tədbirdə yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak edə bilər.

Həmçinin 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə, günün müxtəlif vaxtlarında keçiriləcək. Eyni zamanda tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilməyəcək.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir