Dövlətimizin başçısı sentyabrın 22-də keçirdiyi müşavirədə vurğulayıb ki, biz işimizi iki istiqamət üzrə qururuq. Birincisi, dövlət xətti ilə. “AzerGold” şirkəti bu məsələləri həll edəcək. İkincisi, özəl sektorun iştirakı ilə. Bu sahə özəl sektor üçün də açıqdır və mövcud olan kontraktlar da icra edilir. Əgər dediyim o xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Biz bunu alqışlayırıq. Çünki bu, yenə də deyirəm, çox maliyyətutumlu sahədir və burada əhəmiyyətli dərəcədə yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa, onda bütün sikl – zənginləşdirmə və emal zənciri yaradılmalıdır. Çünki əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar.
Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, – əgər maraq olarsa, mən əminəm ki, olacaq, – xarici investorlar da bu yatağa cəlb oluna bilər.
Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir.
Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad rayon təşkilatının sədri
