Azərbaycanın enerji siyasətinin mühüm istiqamətlərindən biri ölkənin daxili enerji təhlükəsizliyinin təmin edilməsi, təbii qaz infrastrukturunun genişləndirilməsi və mövcud enerji potensialının səmərəli şəkildə iqtisadi inkişafın təminatına yönəldilməsidir. Bu baxımdan ölkəmizdə qazlaşma səviyyəsinin 96 faizə çatması mühüm sosial-iqtisadi göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Əhalinin təbii qazla təminatının genişləndirilməsi insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, regionların sosial inkişafına da mühüm töhfə verir.
Azərbaycanın enerji sektorunda həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkə yalnız daxili tələbatını təmin edən dövlət deyil, eyni zamanda mühüm təbii qaz ixracatçısına çevrilib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də iştirak edən etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin 25 milyard kubmetrdən çox təbii qaz ixrac etməsi Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinin əhəmiyyətini göstərən mühüm göstəricilərdən biridir.
Qaz ixracının artması Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, dövlət büdcəsinin gəlirlərinin və valyuta daxilolmalarının artmasına, yeni enerji layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bununla yanaşı, enerji sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına, infrastruktur layihələrinin reallaşdırılmasına və regionların sosial-iqtisadi inkişafına yönəldilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
Gülnarə Fərəcova
