• Ca. Apr 25th, 2024

Brüsseldə İlham Əliyevin diplomatik zəfəri: Şarl Mişelin vasitəçiliyi ilə sülh üçün nəhəng addım

ByYenigun.news

Avq 31, 2022

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü baş tutub.

Görüşün nəticələri Cənubi Qafqazda yaxın gələcəkdə formalaşacaq mənzərə ilə bağlı bir sıra aydın təsəvvürləri ortaya qoyub. Nəticələr onu deməyə əsas verir ki, Qərb Azərbaycanın sülhlə bağlı təşəbbüslərini birmənalı olaraq dəstəkləyir və bu məsələdə aktiv vasitəçi olmaqda qərarlıdır.

Üstəlik, bu qərarlılıq eyni zamanda rəsmi İrəvanın prosesdə oynamağa çalışdığı destruktiv rolu da neytrallaşdırmağa müvəffəq olub.

Danışıqların çoxillik təcrübəsi erməni tərəfinin gündəlikdə dayanan məsələlərin həllinə əngəl yaratmaq və ya ən azından prosesi yubatmaq üçün var gücü ilə çalışdığını artıq dəfələrlə sübuta yetirib. Nikol Paşinyanın rəhbərliyindəki Ermənistanın da Brüssel səfəri öncəsində eyni əhval-ruhiyyədə olması bu baxımdan şübhə doğurmur. Ancaq Brüssel görüşü növbəti dəfə erməni tərəfinin müqavimət cəhdlərini və real nəticələrin əldə olunmasına əngəl yaratmaq istəyini nəticəsiz qoydu.

Azərbaycan dövlətinin bütün dünyada formalaşdırdığı müsbət imic, dövlət başçısının şəxsi nüfuzu və Azərbaycanın Avropa ilə qurduğu hərtərəfli və qarşılıqlı marağa əsaslanan münasibətlər bu prosesdə açar məqam rolunu oynadı. Ermənistan 31 avqust tarixli Brüssel zirvəsinin nəticəsiz başa çatmasına cəhd göstərsə də, Azərbaycan lideri İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələrin əldə edilməsinə nail oldu.

Bu nəticə isə gələcək sülh sazişi ilə bağlıdır. Belə ki, görüşün nəticələrinə əsasən Azərbaycan və Ermənistan tərəfləri Xarici İşlər Nazirliklərinin xətti ilə bir ay ərzində sülh sazişinin mətni üzərində iş aparılması üçün müvafiq qrupların yaradılması istiqamətində razılığa gəliblər. Bu, bir daha sübut edir ki, onsuzda iqtisadi və hərbi planda Cənubi Qafqazda Azərbaycana qarşı hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan Ermənistan, elə geosiyasi müstəvidə də mütləq sükutla Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməyə və Bakının maraqları çərçivəsində addım atmağa sadəcə məcburdur.

Üstəlik, bu prosesdə Avropa da strateji planda, xüsusən enerji təhlükəsizliyi sahəsində mühüm müttəfiqə çevrilmiş Azərbaycanın maraqlarının təmin olunması mövqeyindən çıxış edir.

Bundan əlavə görüşlə bağlı Aİ Prezidenti Şarl Mişelin bəyanatında xüsusilə vurğulanmalı bir sıra məqamlar da mövcuddur. İlk növbədə qeyd edək ki, burada Qarabağ mövzusu ilə bağlı hər hansı bir müddəa yer almayıb, ümumiyyətlə Şarl Mişelin timsalında Qərbin məsələyə yanaşması onu göstərir ki, Avropa üçün sözügedən məsələ Azərbaycanın daxili məsələsi olaraq qəbul edilir. Bununla yanaşı Şarl Mişelin bəyanatında ATƏT-in Minsk Qrupu ilə bağlı heç bir xatırlatmaya yer verilməyib. Yəni, Aİ üçün də artıq sözügedən qrup ləğv edilmiş format olaraq qəbul edilir və onun bərpa edilməsi ilə bağlı cəhdlərə məhəl belə qoyulmur.

Artıq məsələlərin həlli ilə bağlı erməni tərəfinin də tez-tez dilə gətirdiyi ATƏT MQ formatının əvəzinə Avropa İttifaqının vasitəçiliyi mövcuddur ki, bu vasitəçilik də bir çox prizmadan Cənubi Qafqazın gələcəyinin Bakının strateji maraqlarına uyğun inşası mexanizminə uyğun gəlir. Yəni, Aİ-nin vasitəçiliyi obyektiv reallıqlar çərçivəsində Azərbaycanın regionda yaratdığı yeni mənzərəni qavrayır, qəbul edir və qiymətləndirir.

Yeri gəlmişkən, sülh müqaviləsi ətrafında fikir yürüdərkən mütləq şəkildə kiçik bir xatırlatma etməyə ehtiyac yaranır. Bu, müqavilənin Azərbaycan tərəfinin irəli sürdüyü beş prinsipə əsaslanmasıdır. Həmin şərtlər Ermənistan tərəfindən də qəbul edilib və Aİ çərçivəsində Qərbin də birmənalı dəstəyini alıb.

Ümumən Brüsseldə Aİ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar prosesinə nəzər salsaq, Şarl Mişelin vasitəçiliyi və göstərdiyi səyləri yüksək qiymətləndirmək gərəkdir. Prosesin olduqca intensiv və konstruktiv məcrada inkişafında Aİ Şurası Prezidenti mühüm rol oynayıb və görünən odur ki, Şarl Mişel bundan sonra da aktiv vasitəçilik missiyasını uğurla icra etməkdə davam edəcək.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir