• Şb. May 4th, 2024

Deputat: “Fərruxda tapılan qalıqlar beynəlxalq məhkəmələrə təqdim olunmalıdır” – FOTO

ByYenigun.news

Mar 31, 2022

“Bu gün – 31 Mart Azərbaycanlıların Soyqırımı Günündə Qarabağda, işğaldan azad edilmiş ərazilərimizdə hələ də Birinci Qarabağ Müharibəsində itkin düşmüş, həlak olmuş hərbçilərimizin taleyi müzakirə olunur. Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi göstərir ki, Azərbaycana qarşı soyqırımı cinayətləri, olmazın müsibətlər törətmək Ermənistanın dövlət ideologiyasının nüvəsini təşkil edir”.

Bu sözləri Modern.az-a “Qarabağa dönüş” ictimai birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat qeyd edib ki, 31 Mart Soyqırımı Günü ilə üst-üstə düşən bu hadisəni – Fərrux yüksəkliyi istiqamətində azərbaycanlıların qalıqlarının tapılmasını bütün dünyaya çatdırmalıyıq:

“Bunu Ermənistanın terrorçu dövlət kimi mahiyyətinin ifşasında, Ermənistan dövlətinin və onun Azərbaycan xalqına qarşı cinayət törətmiş rəhbərliyinin məsuliyyətə cəlb olunmasında istifadə etməliyik. Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmələr kontekstində sübutlar irəli sürüb, xeyrimizə qərarlar da qəbul edilib. Bu faktları həmin məhkəmələrə təqdim edə bilərik. Yenidən Ermənistanın və azərbaycanlılara qarşı soyqırımı törətmiş ermənilərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsinə nail ola bilərik. Keçmiş prezidentlər – Serj Sarkisyan, Robert Koçaryan, Qarabağdakı cinayətkar terrorçu dəstələrin tör-töküntüləri və onlara rəhbərlik edən Araik Arutyunyan, Vitali Balasanyan, David Babayan və digər quldurlar cəzalandırılmalıdırlar”.

Tural Gəncəliyev onu da qeyd edib ki, Birinci Qarabağ Müharibəsində qətlə yetirilmiş hərbçilərimizin, itkin düşən şəxslərin qalıqları təkcə Fərrux kəndində deyil, bütün Qarabağ ərazisində aşkarlana bilər:

“Əminəm ki, Qarabağ ərazisində yenə bu cür faktların şahidi olacağıq. Birinci Qarabağ Müharibəsindən sonra dörd min Azərbaycan vətəndaşından heç bir məlumat alınmayıb, Ermənistan tərəfindən taleyi açıqlanmayıb və itkin siyahısına daxil edilib. Böyük ehtimalla onlar ermənilər tərəfindən edam edilib, qətlə yetirilib, kütləvi məzarlıqlarda dəfn olunublar. Biz bu faktları aşkara çıxarmalı, araşdırmalı, Ermənistanın ifşasında istifadə etməliyik”.  

Qeyd edək ki, martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Ümumilikdə isə Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində Azərbaycan Ordusunun 62 hərbçisi itkin düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir