• C. May 3rd, 2024

Qərblə Rusiya kəllə-kəlləyə: Bu dəfə Afrikada – MÜSAHİBƏ

ByYenigun.news

İyl 30, 2022

“Fransa keçmişə nəzərən Afrikadakı gücünü itirməkdədir və nə qədər Afrikanın inkişafını istəyən tək ölkə olduğunu iddia etsə də, bu mövzuda səmimi görünmür. Öz təsir dairəsində gördüyü Afrikada Rusiya, Çin və Türkiyə kimi aktorların nüfuzunun artması Fransanın narahatlığını bir qədər də çoxaldır. Məsələyə Rusiya prizmasından baxdıqda isə görürük ki, onun Afrika siyasətinin əsas sütunlarını silah transferləri, iqtisadi və müstəmləkəçilik məsələləri və son dövrlərdə “Vaqner”çilərin fəaliyyəti təşkil edir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) araşdırmaçısı, Afrika məsələləri üzrə ekspert Tunç Demirtaş deyib. 

Ekspertlə Qərbin və Rusiyanın son dövrlərdə Afrikada fəallaşan siyasəti ilə bağlı söhbət apardıq. Həmin müsahibəni təqdim edirik:

– Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa Prezidenti Emmanuel Makron bu həftə müxtəlif Afrika ölkələrinə səfər ediblər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer keçən həftə Somali və Keniyada görüşlər keçirib. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild də gələn həftə Qana və Uqandaya səfər edəcək. Bütün bu hadisələri “sanki yeni soyuq müharibə rəqib tərəflərin nüfuz qazanmağa çalışdığı Afrikada gedir” kimi şərh etmək olar?

– Rusiya və Fransa Ukraynadakı savaşda mövqelərini gücləndirmək üçün Afrika ilə münasibətlərinə xüsusi önəm verirlər. Həmçinin soyuq müharibə dövründən sonra Afrikada nüfuz uğrunda ən böyük rəqabətin bu gün yaşandığını da deyə bilərik. Belə ki, ABŞ və Avropa Rusiyanı taxıl məsələsində dünyanı şantaj etməkdə, Rusiya isə Qərbi sanksiyaları ilə əlaqədar ləyaqətsiz mövqeyi səbəbindən günahlandıraraq dəstək qazanmağa çalışır.

Afrikada nüfuz axtarışında olan tərəflərin qitəyə durmadan səfərlərinin arxasında da bu faktor dayanır. Yeni “soyuq savaş” kimi ifadə edilə biləcək bu vəziyyət önümüzdəki aylarda təsirini daha da artıracaq. Qlobal sistemin mühüm bazarlarından olan Afrika son yarım əsrdə beynəlxalq sistemdəki yerini və əhəmiyyətini daha da möhkəmləndirib. Qitədə mövcud olan 54 ölkə ilə BMT-də önəmli bir potensiala sahib olan Afrika təşkilatın yaşanan problemlərə qarşı alınan qərarlarında təxminən 30 faizlik bir təsirə malikdir.

Xatırladaq ki, mart ayında BMT-də Rusiyaya qarşı yönəldilmiş qınama sənədində Afrikada yer alan 54 ölkədən bir yox, 17 bitərəf səs çıxıb və səkkiz ölkə səsverməyə qatılmayıb. Yəni 26 ölkə sözügedən sənədə yox cavabı verib. Bu mənzərədən sonra yeni dövrdə Afrikanın ikiyə bölünməsi müzakirələri də gündəmə gəlib. Dolayısı ilə bu dönəmdə yaşanan böhranlara yönəlmiş qərarlara təsir etmək və Afrika ölkələrini siyasi cəhətdən öz tərəflərinə çəkmək üçün ABŞ, Rusiya və Fransanın Afrika ölkələri üzərindəki təsirlərini artırmaq istəkləri müşahidə olunur. Bununla yanaşı, enerji, kənd təsərrüfatı və təhlükəsizlik kimi bir sıra sahələrdə inkişaf etdirilən iş birlikləri Afrikada nüfuz axtarışında olduqlarının daha bir göstəricisidir.

– Qərb liderləri Kremli qidanı silah kimi istifadə etməkdə və imperialist tipli işğalçılıq müharibəsinə başlamaqda ittiham edirlər. Qərbin isə onun müstəmləkəsindən çıxmış Afrika cəmiyyətlərinə müraciətində sözlərini daha diqqətli seçdiyini müşahidə edirik. Siz bunu necə qiymətləndirirsiniz?

– Rusiya xüsusilə son illərdə Afrikadakı varlığını artırmaq üçün çalışır. Bunun fonunda Fransa başda olmaqla qitədə müstəmləkəçilik keçmişi olan ölkələr Afrika xalqları tərəfindən yeni alternativlərin ortaya çıxması ilə birlikdə xoş qarşılanmamağa başlanıb. Keçmişində qara bir ləkə kimi Afrika xalqlarına böyük acılar verən Qərbin Rusiyanı qidanı silah kimi istifadə etməkdə və imperialist müharibədə günahlandırması da gülüncdür. 

– Lavrov ötən həftə Misir, Konqo, Uqanda, Efiopiyaya səfər edərək dostluq vəd edib və yuxarıda danışdığımız mövzular haqda müzakirələr aparıb. Lavrovun Afrika səfəri barədə nə deyə bilərsiniz? 

– Rusiyanın Ukrayna məsələsi çərçivəsində Afrikada dəstək axtarışında olduğu aşkardır. Lavrovun bu səfəri Ukraynanın işğalından sonra xüsusilə Afrikaya mənfi təsir edən taxıl böhranı səbəbindən imicinə dəymiş ziyanın kompensasiya edilməsi kimi dəyərləndirilə bilər. Artan taxıl qiymətləri və Afrika ölkələrinin Rusiyanın işğalı səbəbi ilə Ukraynadan taxıl ixrac edə bilməməsi qitədə Rusiyaya qarşı mənfi rəyin formalaşmasına gətirib çıxardı.

Afrika ölkələrində taxıl məsələsi qıtlıqla bərabər, siyasi problemlərə, xalq hərəkatlarına da səbəb ola bilər. Bu səbəbdən Rusiya xüsusilə qida böhranındakı problemin onlardan qaynaqlanmadığını göstərmək üçün Afrikaya ard-arda bu kimi səfərlər təşkil edir. Səfəri çərçivəsində Qərbi günahlandıran Lavrov onların sanksiyalarının qida məhsullarında qiymət artımına səbəb olduğunu vurğulayıb.

– Niyə hər iki tərəf Afrikada nüfuz axtarışındadır?

– Fransanın bugünkü inkişafının təməlində Afrikadakı müstəmləkə siyasətinin olduğunu unutmamalıyıq. Fransa keçmişə nəzərən Afrikadakı gücünü itirməkdədir və nə qədər Afrikanın inkişafını istəyən tək ölkə olduğunu iddia etsə də, bu mövzuda səmimi görünmür. Öz təsir dairəsində gördüyü Afrikada Rusiya, Çin və Türkiyə kimi aktorların nüfuzunun artması Fransanın narahatlığını bir qədər də çoxaldır.

Məsələyə Rusiya prizmasından baxdıqda isə görürük ki, onun Afrika siyasətinin əsas sütunlarını silah transferləri, iqtisadi və müstəmləkəçilik məsələləri və son dövrlərdə “Vaqner”çilərin fəaliyyəti təşkil edir. Rusiya Afrika ilə münasibətləri silah transferi və ideoloji məsələlərlə daha da inkişaf etdirir. Bütün bunlarla yanaşı, Qərbə hərbi cəhətdən meydan oxumaq üçün Afrikadakı nüfuzundan istifadə etməsi barədə də iddialar var. 

– Son dövrlər Afrikada siyasi cəhətdən aktivləşməsini nəzərə alsaq, Türkiyənin bu məsələlərdə mövqeyi necə ola bilər?

– Afrika üçün Türkiyə xüsusi önəmə sahib olduğu kimi, Türkiyə üçün də Afrika bir o qədər önəmlidir. Afrikada Rusiya, Fransa və hətta Çini də buraya daxil etsək, Türkiyənin bu qrupdan çox fərqli bir anlayış və yanaşmaya sahib olduğunu səmimiyyətlə ifadə edə bilərik. Rusiyanın Afrika ilə əlaqədar gündəminə baxanda hər nə qədər qitənin inkişafı məsələsi ön plana çıxarılmış olsa da, əsasən maraqların güdüldüyü siyasət aparıldığı açıqca görünür. Türkiyə isə Afrikada ayrı xarici aktorların həvəslə izlədiyi və anlamağa çalışdığı bir model həyata keçirir.

Ancaq bu aktorların Türkiyənin Afrika siyasətini anlamaları çox asan olmayacaq. Çünki onun birgə qazanmağa yönəlmiş, insani yanaşması Qərbin və Rusiyanın anlayışından olduqca uzaqdır. Türkiyə Afrika ölkələri ilə münasibət qurarkən öz nüfuzunu artırmaqdan daha çox, insanı, yəni xalqı birinci planda tutan siyasət həyata keçirir. Buna görə də təbii olaraq Türkiyənin nüfuzu Afrikada artan templə davam edir. Dolayısı ilə Türkiyənin Afrikada nə Fransa, nə Rusiya, nə də ABŞ kimi aktorların nüfuzunu artırmaq və özünü təmizə çıxarmaq kimi mübarizə aparmağa ehtiyacı var.

Aysel Aslanqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir