Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putinə Ukraynanın Mariupol şəhərinin ələ keçirildiyi barədə məlumat veriblər. Lakin orada müqavimət davam edir. “Azov” alayı əsl qalaya çevrilmiş “Azovstal” metallurgiya zavodunda hərtərəfli müdafiə olunur.
Alay düşmənə zərər vurmaqla müqavimət göstərməkdə davam edir, həm də böyük itkilər verir. Artıq lazımi tibbi yardım ala bilməyən çoxlu sayda yaralı haqqında məlumat yayılıb. Lakin Rusiya tərəfi Ukrayna hərbçiləri üçün humanitar dəhlizləri bağlayıb.
Oxu.Az Azov Milli Qvardiya alayının komandiri, Ukrayna Qəhrəmanı Denis Prokopenkonun həyat yoldaşı Yekaterina Prokopenko (ləqəbi Redis) ilə danışıb.
– Həyat yoldaşınızla əlaqə saxlayırsınız, “Azovstal”da vəziyyət necədir?
– Vəziyyət dəhşətlidir. Davamlı hücum, bombalanma həyata keçirilir. Bunkerlərə nüfuz edə bilən partlayıcı bombalar atılır. Bunkerlərin bir çoxu artıq dağılıb. Çox sayda ölülər var və onları saymaq mümkün deyil. “Azovstal”ın ərazisi hündür mövqelər tutan düşmən tərəfindən tamamilə mühasirəyə alınıb. Xüsusi texnikası belə olmayan bir qrup insan dağıntıları təmizləməyə çıxdıqda dərhal atəş açılır.
Bütün ərazi nəhəng bomba kraterləri ilə örtülüb. Bu yaxınlarda çoxlu yaralılarımızın olduğu xəstəxanaya nəhəng bomba düşüb. Deyəsən FAB-3000 idi. Onlar normal əməliyyat blokları, ağrıkəsicilər, antibiotiklər, anesteziya olmadan az miqdarda dərmanların köməyilə sağ qalıblar. Amma nə deyə bilərəm ki. Onsuz da kifayət qədər sarğı yoxdur və yaraları çirkli cır-cındırla sarıyırlar.
“Azovstal”a yemək və su çatdırmaq mümkün deyil. Bunkerlərin bombalanması nəticəsində ehtiyatlar çox az qalıb. İnsanlar cəhənnəmdədir. Hər gün hər növ silahlardan atəş nəticəsində çoxlu ölənlər olur, yaralı əsgərlər qanqrenadan ölür. Bunu bilmək çox çətindir.
Həyat yoldaşım, təbii ki, mənə heç bir gizli məlumatı demir. O, komandirdir və həmişə çox sərt və hətta quru cavab verir. Mən ondan soruşuram: “Vəziyyət necədir?”. Cavab verir: “Hücum edirlər”, “dayanmışıq”, “indi hər şey çətindir”. Amma orada nə baş verdiyini başa düşürəm.
Bu dəhşəti dayandırmaq mümkün deyil, çünki Rusiya yaralıların təxliyəsi ilə bağlı bütün müraciətləri əngəlləyir. Ölənlərin cəsədlərini çıxarmaq mümkün deyil. Hərbçilərimiz üçün həlak olan yoldaşlarının cənazələrini döyüş meydanından çıxarmaq vacibdir. Bəzən mərmi düşdükdən sonra heç bir cəsəd qalmır, ancaq bir hissəsini də götürmək çox vacibdir. Müharibə başlayandan ölən əsgərlərin bütün qalıqları saxlanılıb və iki aydan çox vaxt keçib. Görməmək, sağollaşmamaq, basdırmamaq – bu, ailələr üçün əlavə faciədir.
Cəsəd qalıqlar hərbçi olaraq layiq olduqları tərzdə dəfn edilməyəcək. Elə dini ayinlər də var ki, onları icra etmək olmur. Axı “Azov”da həm xristianlar, həm də müsəlmanlar xidmət edir.
– Bəzi xəbər resursları “Azovstal”da 600-dən çox hərbçinin yaralandığını, daha bir neçə yüz hərbçinin həlak olduğunu bildirir. Humanitar dəhlizlər yalnız mülki şəxslər üçün açıqdır. Sizcə, Rusiya hərbçiləri niyə yaralı ukraynalı əsgərlərin təxliyyəsinə mane olur?
– Rusiya tərəfi ya hamını əsr almaq, ya da öldürmək istəyir. Onların hərbi şərəfdən anlayışı yoxdur. Onlar öz dünyalarında yaşayırlar, qaniçəndirlər, satanistdirlər. Hətta Birinci və İkinci Dünya müharibələrində də kiminsə döyüş meydanından çıxarıla bilməsi üçün vaxt verilirdi. Sadəcə olaraq, baş verənləri təsvir etmək üçün söz tapa bilmirəm.
Rusiya artıq Cenevrə Konvensiyasının bütün bəndlərini pozub. Yaralıları “Azovstal”dan çıxarmaq üçün nə etmək lazımdır? Ukrayna kiməsə hücum etməyib, onlar bizə hücum ediblər. Amma biz düşmənimizə insan kimi hörmətlə yanaşırıq. Məhkumlar alçaldılmır, yaxşı şəraitdə saxlanılırlar.
– Çox vacib sual. “Azov” alayının mülki şəxsləri saxlaması, onların arxasında gizlənməsilə bağlı ittihamlar var…
– Mariupol sakinlərinin ora gəlməyə başladığı anda “Azovstal”ın ərazisi ən çox qorunan yer idi. Evlər dağıdımışdı, normal bomba sığınacaqları isə yox idi. İkinci Dünya Müharibəsindən sonra “Azovstal”da yaxşı yeraltı bunkerlər hazırlanıb. Üstəlik, insanlar “Azov”un onları incitməyəcəyini bilirdilər deyə zavoda gəldilər. Və ümumiyyətlə, bütün şəhər məhv olarsa, hara getmək lazımdır? Yalnız “Azovstal”a. Məhz burada bunkerlər, yardım və təhlükəsizlik var idi.
– İndi Azovstalda mülki şəxslər qalırmı? Bütün mülki şəxslərin artıq təxliyə edildiyi xəbəri yayımışdı. Sonradan bəzilərinin qaldığı barədə məlumat gəldi …
– Mənim üçün bunu demək çətindir. Bu barədə ərimdən soruşmamışam. Amma mənə elə gəlir ki, dinc sakinlər hələ də oradadır. Əlaqə saxlayan kimi ondan soruşacağam. Problem ondadır ki, mülki insanlar təkcə bir nöqtədə deyildilər. Onlar zavod boyu müxtəlif bunkerlərdə idilər. Çoxları dağıntılar altında qala bilər.
– “Azov” alayında əslən azərbaycanlı olan Ukrayna vətəndaşları xidmət edirmi? “Azov”da müsəlmanların olduğunu dediniz.
– Bəli, mən hələ müharibədən əvvəl bilirdim ki, “Azov”da müsəlmanlar – azərbaycanlılar, Krım tatarları xidmət edir. Orada həm gürcülər, həm yəhudilər, həm də ruslar var. Bəs onlardan kim sağ qalıb? Mən bilmirəm. Çoxları ölüb, kimi isə hələ də dağıntılar altındadır.
Nair Əliyev