“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb.
Bu kontekstdə iyunun 1-də Bakı Ekspo Mərkəzində 31-ci Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərmək üçün ən əlverişli platformalardan biri kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumun rəsmi açılış mərasimində çıxış edib. Dövlətimizin başçısı bildirib ki, İlk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Bunlar ulu öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Yeri gəlmişkən, təşkilatçılara da öz dərin təşəkkürümüzü bildiririk. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.
Bu gün bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.
Sabir Hüseynov,
Cəlilabad Elektrik Şəbəkəsinin Enerji Şatışı Şöbəsinin aparıcı mühəndisi
