Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə veto qoyacağını bildirməsi Ankaranın Qərblə onsuz da soyuq olan münasibətlərinin hərarətini bir az da aşağı salır.
Səhnəyə isə Böyük Britaniya çıxaraq Türkiyə ilə müştərək maraqlar kontekstində vəziyyəti tənzimləmək öhdəliyini üzərinə götürür.
Bir çoxunun düşündüyü kimi, Britaniyanın Türkiyə ilə münasibətləri gərgin deyil, əksinə, əlaqələrdəki inkişaf rəvan gedir.
Britaniya Avropa İttifaqından çıxdıqdan sonra ticari və strateji əlaqələrini Avropadan kənarda inkişaf etdirməyə çalışır və bu yolda onun üçün ən vacib partnyor Türkiyədir. Təsadüfi deyil ki, Britaniya “Brexit” prosesini yekunlaşdırdıqdan sonra ilk azad ticarət razılaşmasını Türkiyə ilə imzalayıb və bu, hər iki ölkənin regional, beynəlxalq münasibətlər sistemindəki mövqelərini bərkidən amilə çevrilir.
Türkiyə ilə ticari əlaqələrin inkişaf etdirilməsi Londona Asiyaya geosiyasi baxışlarının ortaya qoyulması, Ankaraya isə təhdidlərə qarşı gizli müttəfiqlə hərəkətə keçmək imkanlarını qazandırır.
Britaniyanın bir sıra məsələlərdə Türkiyə ilə koordinasiyalı iş görməsi üçün geniş spektrli məsələləri özündə ehtiva edən strategiyası mövcuddur.
Britaniyada bu istiqamətləri və detalları müəyyən edən xüsusi missiya var. Bu komanda Ankara-London ikilisinin uzunmüddətli tərəfdaşlıq zəminini formalaşdırır, daha sonra isə münasibətlərin dərin müttəfiqlik əsaslarına söykənməsi üçün ortaq təsəvvürlər qurur.
Bunlar Türkiyə ilə Britaniyanın əlaqələrindəki müttəfiqlik üçün perspektivləri artırır.
Hərçənd ki, Qərbin, əsasən də ABŞ, Kanada, Fransa, Almaniya, Niderland, Avstriya və sairin Türkiyəyə ikili münasibətləri mövcuddur, lakin Britaniyanın həmin sərhəddə dayanması inandırıcı gəlmir.
Məsələn, Türkiyə 2019-cu ildə Suriyanın şimalında PKK-ya qarşı antiterror əməliyyatları apararkən Fransa və Almaniyadan fərqli olaraq, Britaniya Ankaraya silah ixracını davam etdirdi və Qərbin vahid mövqeyindən uzaqlaşaraq Türkiyəni tənqid etmədi.
Aydındır ki, Britaniyanın Türkiyə ilə yaxınlaşması digər NATO üzvlərini narahat edir, lakin qlobal siyasətin xaç atası olan Birləşmiş Krallıq münasibətlərdə tarazlaşdırıcı amil rolunu oynaya bilir.
Hərçənd ki, Londonun yolunda yoxuşlar var, misal üçün, Britaniya hərbi-siyasi, diplomatik və kəşfiyyat vasitələri ilə səylər göstərsə də, Qərblə Türkiyənin vahid reaksiyasını təmin edə bilməyib.
Bu çatışmazlıq Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsində daha da dərin xarakter alır.
Ən azından, bu mövzuda vahid cəbhəni təmin etmək üçün Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda müzakirə aparıb.
Consonun hədəfi Türkiyəni inandırmaqdır, ancaq Türkiyə də şərtlərinin yerinə yetirilməsini tələb etmək prinsipindən əl çəkmir.
Ortaq nöqtənin tapılması çətin olsa da, Britaniyanın hər vəchlə Finlandiya və İsveçin NATO üzvü olması yolunda səylərini gücləndirməsi davam edəcək.
Yazının mahiyyətinə belə yekun vura bilərik:
1. Türkiyənin hərbi qüdrətinin artması, siyasi mövqelərinin güclənməsi Londona fayda gətirir;
2. Hərbi qüdrətə önəm verən Britaniya hər səbəbi Türkiyə ilə münasibətləri pisləşdirən hal kimi xarakterizə etməyəcək.
Aqşin Kərimov