Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə baş tutan görüşdən sonra sülhə doğru “yol çəkilişi” daha da sürətli xarakter aldı.
Bu, həm də o zamana təsadüf etdi ki, İlham Əliyevin Ermənistanın “istismar tarixi” üçün təyin etdiyi altı ayın dörd ayından çoxu geridə qaldı.
Bu ilin yanvarında İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdi:
“Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.
Görünür ki, Ermənistan Azərbaycanın böyük hərbi-strateji planlarının olduğunu düşünür və Paşinyan öz administrasiyasını hər şeyə razı salmaq üçün inandırıcı dəlillər təqdim edir.
Ona görə də nəhayət ki, Ermənistan Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsini çox ləngidə bilmədi.
Mayın 24-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Orada əldə edilən razılığa əsasən, növbəti görüşlərdən biri Moskvada, üçüncüsü isə Brüsseldə keçiriləcək.
Gələcək iclaslar üçün məkan seçimi Qərblə Rusiyanın Azərbaycan-Ermənistan sülh gündəliyindəki rəqabətini neytrallaşdırmaq məqsədi daşıyır.
Avropa İttifaqı Moskvanın təşəbbüslərini alqışlayır və özü də aktiv iş apararaq üstünlüyünü təmin etmək istəyir. Prinsipcə Moskva da Brüssel razılaşmalarına əhəmiyyətli dirəniş göstərmir.
Nəticə olaraq, bu cür mənzərə Azərbaycanın xeyrinədir, çünki bu rəqabət diplomatik-siyasi meyarlara söykənərək dayanıqlı sülhün təmin olunmasını şərtləndirir və sürətləndirir.
Keçən dəfə yazdığımız kimi, sərhəd delimitasiyası Zəngəzur dəhlizinin kontekstinə salınaraq aparılacaq, hərçənd ki, Ermənistan yenə də dəhliz statusunun olmaması üçün bəyanatlar səsləndirir.
Belə bəyanatlar şablon xarakter alıb və prosesə tıxac vurmaq imkanından məhrumdur. Ona görə ki, əldə edilən razılıqlar, Azərbaycan Ordusunun sərhəddə strateji nöqtələrdə möhkəmlənməsi dəhliz məntiqi üçün əsasları gücləndirir, Ermənistanın dırnaqarası manevrləri isə bütün bunların yanında çox sönük görünür.
Sülh gündəliyi beynəlxalq güclər üçün cazibə mərkəzinə çevrildiyindən bundan sonra təşəbbüslərin sayı artacaq, Bakı üçün, necə deyərlər, hava xoşdur, çünki qlobal gücləri nə öz qırmızı xətlərinin sərhədindən içəri buraxır, nə də ki, onlarla əlaqələrini soyudur.
Tablodakı “rəsm”i Azərbaycan Türkiyə ilə birlikdə çəkdiyindən Bakının əli proseslərdə olduqca möhkəmlənəcək.
Türkiyənin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmalardan – istər görünən, istərsə də görünməyən tərəfləri – məmnunluğu perspektiv üçün Ankaranın regionda hərbi-siyasi müstəvidə bərkiməsinə şərait yarandığının indikatoru kimi dəyərləndirilməlidir.
Aqşin Kərimov