• Ca. Noy 28th, 2024

Fərid Şəfiyev: “Ermənistanla sülh prosesi ölü nöqtəyə doğru irəliləyir”

ByYenigun.news

İyn 15, 2022

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Əl Cəzirə” kanalına verdiyi müsahibəni şərh edib.

Oxu.Az-ın məlumatına əsasən, F.Şəfiyev bildirib ki, daha əvvəl səsləndirilmiş bəyanatlara baxmayaraq, Ermənistan hökuməti faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir.

“Yenə “Dağlıq Qarabağın statusu” gündəmə gətirilir. Hər iki tərəf sərhədlərin delimitasiyasının texniki tərəfləri barədə müzakirələr aparmağa müvəffəq olsalar da, delimitasiya razılaşmasının əsasını qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyə hörmət təşkil edir. Bu prinsipə riayət olunmadan delimitasiyanı uğurla həyata keçirmək mümkün olmayacaq.

Müsahibəsində nəqliyyat dəhlizləri ilə bağlı açıqlamasında Nikol Paşinyan Laçın və Zəngəzur dəhlizlərini fərqləndirir. Lakin 10 noyabr 2020-ci il bəyanatında Zəngəzurla bağlı “dəhliz” ifadəsi işlədilmədiyi halda, 9-cu maddədə xüsusilə Laçınla bağlı insanlar və yüklərin maneəsiz axını ifadəsi işlədilib. Eyni zamanda Laçın üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit edildiyi və 10 noyabr bəyannaməsində bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. Belə ki, 10 noyabr bəyanatının 6-cı maddəsində göstərildiyi kimi, Azərbaycan hər iki istiqamətdən Laçın dəhlizi boyunca insan, nəqliyyat vasitələri və yüklərin daşınmasının təhlüksizliyini təmin etməlidir”, – deyə ekspert qeyd edib.

N.Paşinyan müsahibəsində deyir ki, biz artıq suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət əsasında regional kommunikasiya xətlərinin açılması məsələsini müzakirə olunur.

F.Şəfiyev Paşinyanın bu açıqlamasına diqqət çəkərək bildirib ki, o zaman danışıqlarda da bu prinsiplərə hörmət edilməlidir.

“Bir sözlə, Zəngəzur və Laçın müvafiq olaraq Ermənistan və Azərbaycana məxsus olmaları ilə bağlı suveren statusa malikdirlər, lakin insanlar və yüklərin keçidi ilə bağlı eyni rejimi paylaşırlar. Bununla yanaşı Ermənistan ərazisindən keçidlə bağlı mübahisələr hələ də davam edir.

Əgər Ermənistan qondarma Dağlıq Qarabağın statusu ilə bağlı təkid etməyə davam edərsə, bu sülh prosesinə xələl gətirəcək. Qarabağ Azərbaycan torpağıdır və bu, beynəlxalq səviyyədə qəbul olunub, BMT TŞ və digər beynəlxalq institutlar tərəfindən bir daha təsdiqlənib. Azərbaycanda yaşayan ermənilərin hüquqlarına gəldikdə bu, Azərbaycan Konstitusiyası çərçivəsində öz həllini tapmalıdır.

Yekun olaraq qeyd olunmalıdır ki, indiki məqamda görürük ki, Ermənistandakı daxili proseslər və xaricdən olan bir sıra aktorların maraqları səbəbindən sülh prosesi ölü nöqtəyə doğru irəliləyir”, – deyə F.Şəfiyev fikrini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir