Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.
“Report” xəbər verir ki, Forum çərçivəsində “Gənclər danışsın, biz dinləyək” mövzusunda növbəti panel iclası keçirilib.
İclas 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olan Katerina Yuşşenkonun moderatorluğu ilə baş tutub.
O deyib ki, hər gün səhər mobil telefonda “Twitter” və digər sosial şəbəkələrə nəzər salaraq, gecə saatlarında dünyada nələr baş verdiyi barədə məlumat toplayır:
“Bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır. Biz ilk növbədə gəncləri dinləməliyik. Biz gənc liderlərin şəbəkəsini təsis etməyə çalışırıq. Panel çərçivəsində gənc liderlərimizin müzakirəsi olacaq”.
Təhlükəsizliklə bağlı müzakirənin moderatoru isə gənc liderlərdən Vahid Əliyev olub.
Müzakirələr zamanı beynəlxalq təsisatlarda islahatların aparılmasının vacibliyi qeyd olunub.
Ukraynalı gənc Taras Yuşşenko təhlükəsizlik strukturlarında islahatları zəruri hesab edib və bu günlərdə Fransa Prezidenti Emmanuel Makronu Ukraynaya tankların və qırıcı təyyarələrin göndərilməməsi barədə fikirlərinə görə tənqid edib.
Gənc liderlərdən Neal Caldvel Ukraynada böhranın dünyada ərzaq təhlükəsizliyinə təsirindən danışıb.
Eva Bertrand Rusiyanın hücumu zamanı Ukraynada qadınların cinsi zorakılığa məruz qalması barədə faktlardan danışıb.
Panel iclas çıxışlarla davam etdirilib.
Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.