• Ça. Noy 26th, 2024

Bu Peqova Qarabağda jurnalist deyirdiniz, Ukraynada nə oldu ki, yaramaza çevirdiniz?

ByYenigun.news

İyn 21, 2022

44 günlük müharibənin dırnaqarası qəhrəmanlarından olan “Wargonzo” kanalı və müəllifi Semyon Peqov hər nə qədər biz azərbaycanlıların yaddaşında öz cılız mövcudluğu ilə qalsa da, ötən gün baş verən bir hadisə hətta bu iyrənc mexanizmi belə, mahiyyəti etibarilə kölgədə qoya bildi.

Demək, “YouTube” videohostinqi belə qərara gəlib ki, Semyon Peqovun mənfur yaradıcılığı dünyanın maraqlarına uyğun gəlmir və bu səbəbdən də onun səhifəsini silmək ümumbəşəri bir xidmətdir.

Əslində, mahiyyətinə varanda hadisələr tamamilə qanunauyğun şəkildə inkişaf edir.

“Wargonzo”nun bəşəriyyət üçün təhlükəli bir virus olması məsələsində özünə insan deyən heç kimin, yəqin ki, şübhəsi yoxdur. Bu kimi virusların dezinfeksiya prosesinə məruz qalması da labüddür. “YouTube” öz qərarında haqlıdır, ancaq heç bir halda ədalətli deyil. Burada “YouTube” şərti ifadədir – həmin platforma, əslində, beynəlxalq ictimaiyyətin, təşkilatların, bir sıra dövlətlərin, siyasətçi qiyafəsinə bürünənlərin nümunə olaraq seçdiyimiz obrazından başqa bir şey deyil.

Şərti obrazımızın ədalətsiz olmasını qeyd etməkdə məqsəd də qətiyyən Semyon Peqov kimi istər varlığı, istərsə də fəaliyyəti böyük bir heç olan təbliğat alətciklərini müdafiə etmək deyil. Əksinə, “YouTube”un timsalında sadaladıqlarımızı ədalətsiz edən, həmin ədalətin tərəflərdən, şəxslərdən, dövlətlərdən, münasibətlərdən asılı olaraq təyin edilməsindədir. Peqovun “WarGonzo”su məgər indimi peyda olub ki?

Məgər 44 günlük müharibədə insan xislətini itirmiş, öz ağalarından bir sümük qoparmaq uğrunda böyük şövqlə “vuruşan” Peqov həmin vaxt bəşəriyyətə düşmən mövqedə dayanmamışdı? Yoxsa təmsilçi kimi şərti olaraq “YouTube”u seçdiyimiz həmin o obraza bürünənlər üçün insanın özü də şərti anlayışdır?

İkili yanaşma, şəraitdən asılı olaraq dəyişən standartlar, mənafe uğruna satılan ali həqiqət, gözardı edilən cinayətlər və bu qəbildən yüzlərlə səbəb həmin o obrazın ədalətsiz olmasına sübut deyilmi?

Peqov Ukraynada qeyri-obyektiv, yaramaza çevrildi, Qarabağda isə əsl jurnalist idi? Onun Azərbaycanın həmin vaxt işğal edilmiş ərazilərində çəkdiyi kadrlar “Qızıl fond”a, Ukraynanın işğal edilən torpaqlarında çəkdikləri isə zibil qutusuna layiq oldu?

Həqiqət odur ki, hər iki halda Peqov kimi mənəviyyatını, ləyaqətini satan, peşəsini vəhşi ehtirasların alətinə çevirən birinin bütün “yaradıcılığı” elə silinməyə, zibil münasibəti görməyə layiq idi. Ədalət o vaxt ədalət olardı ki, vaxtında təntənə çalar, vəziyyətdən, maraqlardan, şəxslərdən asılı olmayaraq kəskin bir qılınc kimi şərin başının üzərini alardı. “YouTube” platformasını rəmzi nümunə olaraq seçdiyimiz həmin obrazın ədaləti isə sadəcə maraqların ədalətlə, təsadüfən, üst-üstə düşməsidir. Kim bilir, bəlkə, sabah həmin ədalət yenidən həqiqətlərə kor baxacaq, haqsızlıqlara lal olacaq, vicdanın sızıltısını eşitməyəcək qədər kara çevriləcək…

Dünya ədalətli deyil, çünki insanların təməl hüquqları yalnız maraqların toqquşmasında üstün tərəfin mövqeyinə yaxın olanda yada düşür. Ədalət tərəzisinin bir küncündə haqsızlığa uğrayan, digər tərəfində isə haqsız, onun dəstəkçiləri, vəziyyətdən mənfəət umanlar, hətta mənfəət ummağa azacıq da olsa ümidi olanlar dayanırlar.

Qarabağ uğrunda Azərbaycan xalqının, onun dövlətinin və liderinin apardığı haqq savaşı təkcə erməni faşizmi üzərində qələbə deyildi, bu qələbə həm də dünyada ədalətin və vicdanın haqsızlığa, ikili standartlara qarşı çaldığı Zəfər idi!

Bu Zəfər faşistlərin, xaosla bəslənən qüvvələrin, pulla ələ alınan siyasətçilərin, qapalı qapılar arxasındakı sövdələşmələrin, məramını unudan təşkilatların, qrupların süqutu idi.

Dünya ədalətli deyil, çünki Qarabağda haqqı tapdalanan azərbaycanlılar barədə susurdu, çünki Xocalıda soyqırımı törədiləndə bunu görmürdü, çünki azərbaycanlı əsirlər ən ağır işgəncələrə məruz qalanda onların fəryadını eşitmirdi, Azərbaycanın tarixi, mədəniyyəti, irsi Qarabağdan silinməyə çalışılanda bunu kənardan izləyirdi.

Dünya ədalətli deyil, çünki bu gün bir vaxtlar kor olan gözü haqqı tapdalanan ukraynalıları görür, çünki Buçadakı qətliama səssiz qalmır, Ukraynanın mədəniyyətinin məhvini kənardan izləmir.

Bəli, Ukraynanın da savaşı haqq savaşıdır, nəinki Ukrayna, hətta özünün bir qarış torpağını qorumaq üçün savaşan ən sıravi dünya sakininin də savaşı ədalətlidir. Haqq onların tərəfindədir. Ancaq dünyanın Ukraynaya göstərdiyi münasibət ədalətsizdir. Bu tərəzidə məzlumun yerində Ukrayna deyil, maraqlar dayanıb. Ədalətsizdir, ona görə ki, sadəcə maraqların toqquşma nöqtəsi Ukraynanı müdafiə etmək zərurəti yaratdığı üçün dünya onun tərəfindədir. Bəlkə, sabah, bəlkə, digər gün dünya Qarabağda göstərdiyi ikiüzlülüyü Luqanskda, Donetskdə göstərəcək, “Xocalıya ədalət” deyə bilməyənlər, Buçada qətlə yetirilənləri də ildırım sürətilə “unudacaqlar”.

Biz ədalət tərəzisini təkbaşına tarazlaşdırmağı bacaran, öz böyüklüyü, öz qüdrəti hesabına bu gün haqqını almış bir xalq olaraq ədalətin tərəfindəyik. Ədalət isə bütün anlayışların fövqündə, səbəblərdən, məqsədlərdən asılı olmadan əbədiyyətə qədər haqq olandır. Biz riyakar siyasətçilərə, qərəzli qurumlara, tərəfli təşkilatlara, susanlara, görməyənlərə baxmayaraq Müzəffər Xalq adına sahiblənən xalqıq!

Elə isə dünyada ədalət uğrunda mübarizə aparan hər bir kəs üçün nümunəyik!

Ukraynanın mübarizəsi ədalətlidir, ancaq bu məsələdə tək ədalətli tərəf də elə budur. Təəssüf ki, dünya səmimi deyil, öz ədalətində, öz dəstəyində… Əgər öldürən, qarət edən bir maraq doğurmursa, onu cəzalandırmaqdan fayda qazanmırsa, kim kimi öldürür – vecinə almır, əgər öldürən, dağıdan, məhv edəndən almaq istədiyi nəsə varsa, bax o zaman işlər dəyişir. Ancaq bir şərtlə, yenə də məzluma görə deyil, öz maraqları naminə…

Ona görə də “Wargonzo”nu 2020-ci ilin sentyabr-noyabrında bağlamayan “YouTube” bu gün “ədalət nümayiş etdirməklə” həmin ünvana sahib ola bilməz. Nəinki “YouTube”, eləcə də bu obrazın ehtiva etdiyi heç kim və heç nə heç vaxt ədalətdən bəhs edə, onun çarçısı, himayədarı ola bilməz…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir