• Ça. Noy 26th, 2024

Tarixə Zəfər yazan Azərbaycan ordusu

ByVuqar Ferzeliyev

İyn 22, 2022

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirildi, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı.
Ümummilli liderimizin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrildi. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. 2016-cı il Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun qürur mənbəyinə çevrildi. Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi. Aprel qələbəsində Azərbaycan Ordusunun uğurlu əməliyyatı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun hərbi qüdrətinin artırılmasına göstərdiyi yüksək diqqət və qayğı, Azərbaycan əsgərinin qəhrəmanlığı, həyata keçirilən islahatlar nəticəsində mümkün oldu.
Bu il 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü qalib ölkənin qalib vətəndaşları olaraq qeyd edirik. 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı gücə qadir olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Silahlı Qüvvələri öz adını dünya hərb tarixinə qalib ordu kimi həkk etdirdi.

Fizuli Cəfərov, Cəlilabad RİH-nin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir