• Ça. Noy 26th, 2024

Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək konturları müəyyənləşir – TƏHLİL

ByYenigun.news

İyn 22, 2022

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana səfər edib.

Azərbaycan liderinin dost ölkəyə səfəri bir çox aspektdən tarixi xarakter daşıyır və görünür, bu səfər dövlətlərarası münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə və inkişafına güclü təkan verəcək.

Azərbaycan və özbək xalqları bir-birinə dərin tarixi köklərlə bağlıdır. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.

Oxşar tarix, oxşar mədəniyyət

Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Daim qardaşlıq münasibətinə sadiq qalan xalqlarımız tarixin müxtəlif dövrlərində oxşar taleləri yaşamağa da məcbur qalıblar.

Məsələn, sovet dönəmində, xüsusən Mixail Qorbaçovun hakimiyyəti zamanı Azərbaycan və özbək xalqları məqsədli şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliklə üzləşməli olublar.

Özbəkistanla bağlı bu mənada 1982-ci ilin məşhur “Pambıq işi”ni qeyd etmək olar. Həmin vaxt işi aparan müstəntiqlərin fəaliyyətləri Özbəkistan SSR-in və onun əhalisinin “oğru” və “təbii rüşvətxor” kimi sayılmağına gətirib çıxarıb.

1989-cu ilin aprelində SSRİ Ali Məhkəməsinin Plenumu iş çərçivəsində T.Qdlyanın başçılığı altında olan SSRİ Prokurorluğunun müstəntiq briqadasının yol verdiyi qanun pozuntuları haqqında qərar qəbul edib. Həmin ilin mayında isə SSRİ Prokurorluğu Telman Qdlyan (və Nikolay İvanova) qarşı “Özbəkistanda apardıqları istintaq zamanı qanun pozuntuları haqqında” cinayət işi açıb.

1990-cı ildə Qdlyan prokurorluqdaki işindən və Sovet İKP-dən çıxarılıb. 1991-ci ilin avqust ayında ona qarşı cinayət işi bağlanıb. Həmin ilin dekabr ayında Özbəkistan prezidenti İslam Kərimov respublika ərazisində “Pambıq işi”nə görə həbsdə yatanların hamısı üçün əfv fərmanı imzalayıb.

Burada xatırlatmaq lazımdır ki, 14-15 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti ilə görüş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həmin hadisələr zamanı ümummilli lider Heydər Əliyevin dəstəyini yüksək qiymətləndirib. Görüş zamanı “Pambıq işi”nə toxunan Prezident İlham Əliyev sözügedən hadisəni “Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücumu” kimi qiymətləndirib.

Bununla yanaşı, özbək xalqının tarixində yer tutan Fərqanə hadisələri ilə azərbaycanlıların yaşamalı olduğu 20 Yanvar faciəsi və Sumqayıt hadisələri arasında da eyni dəst-xətti aşkar şəkildə görmək mümkündür. Dost özbək xalqı da azərbaycanlılar kimi erməni vəhşiliyindən, vandalizmindən əziyyət çəkib.

Diplomatik münasibətlərin xülasəsi

1990-cı illərin əvvəlində müstəqilliyini elan edən ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ilin 2 oktyabr tarixində yaranıb. Hər zaman dostluq və qarşılıqlı əməkdaşlığa söykənən bu münasibətlərin tarixində gələcək inkişafı və mövcud səmimi atmosferi qoruyub-saxlamaq üçün ümumilikdə 135 sənəd imzalanıb.

Təbii ki, qarşılıqlı münasibətlərin inkişafında iki ölkənin liderlərinin səfərləri mühüm bir xətt təşkil edir. Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il səfəri tarixdə ilk rəsmi səfər olaraq yerini tapıb. Bundan əlavə, 21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Daşkənddə səfərdə olub. 18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələyə çevrilib. Məhz 1996-1997-ci illərdəki diplomatik trafik – prezidentlərin qarşılıqlı səfərləri cari münasibətlərimizin strateji istiqamətlərinin müəyyən olunması baxımından tarixi əhəmiyyətə malik olub.

23-24 mart 2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti ilə Özbəkistan Respublikası Prezidenti 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində Birgə Bəyannaməyə imza atıblar.

Azərbaycana Özbəkistandan sarsılmaz dəstək

Özbəkistan dövləti hər zaman Azərbaycanla münasibətlərə yüksək qiymət verərək Qarabağla bağlı məsələlərdə daim ölkəmizə dəstəyini ifadə edib. Bir faktı xatırladaq ki, BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnaməyə Özbəkistan lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.

Özbəkistan dövləti keçmiş münaqişədə hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyinin bəyanatı bir daha bunu təsdiqlədi:

“Azərbaycan Respublikası və Ermənistan Respublikasını hərbi əməliyyatları ən qısa zamanda dayandırmağa və suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırırıq. Özbəkistan tərəfi, Müstəqil Dövlətlər Birliyinin sədri kimi, dostluq, mehriban qonşuluq və qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsinin, MDB məkanındakı mübahisələrin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini bir daha təsdiqləyir”.

2022-ci il – Prezident İlham Əliyevin Özbəkistana səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin 21-22 iyun tarixlərində Özbəkistan Respublikasına səfər edib. Bu səfər 25 il öncə ümummilli lider Heydər Əliyevin Özbəkistana həyata keçirdiyi səfərin tarixi ilə də üst-üstə düşür. Belə ki, Heydər Əliyevin münasibətlərin inkişafındakı yeni mərhələ adlandırdığımız səfərindən sonra Prezident İlham Əliyevin son səfəri həmin münasibətlərin gələcək inkişafının lokomotivinə çevriləcək. Səfər çərçivəsində imzalanan 19 sənəd hər iki dövlətin münasibətlərin gələcək inkişafında birbaşa maraqlı olduğunu və tarixi bağları, iqtisadi, mədəni və hərbi sahədə əlaqələri artırmaq əzmində olduğunu göstərir.

Səfər çərçivəsində keçirilən görüş və danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsi kimi məsələləri xüsusi diqqətdə saxlayacaqlar.

Şübhəsiz ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri dövlətimiz və xalqımızla tarixi bağları olan Özbəkistanla əlaqələrin sürətli inkişafına təkan verməklə bərabər, həm də sözügedən əlaqələrin gələcək konturlarının, prioritetlərinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyətə malikdir.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir