• Be. Noy 25th, 2024

Tofiq Zülfüqarov: “Azərbaycan-Özbəkistan münasibətləri hərbi müttəfiqliyə doğru gedir” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

İyn 22, 2022

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərindədir. Ötən gün iki ölkənin liderləri – İlham Əliyev və Şavkat Mirziyoyev arasında məhdud və geniş tərkibdə görüş keçirilib. Görüşdən sonra Azərbaycan və Özbəkistan arasında 9 sənəd imzalanıb. Onların arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, həmçinin hərbi və hərbi-texniki sahədə əməkdaşlıq haqqında sazişlər də var.

“Report” Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla Prezidentin Özbəkistana dövlət səfəri və əldə olunan razılaşmalar barədə həmsöhbət olub.

– Prezident İlham Əliyevin Özbəkistana səfərini və əldə olunan razılaşmaları necə qiymətləndirirsiniz?

– Əvvəla, Özbəkistanda sonuncu prezident seçkilərindən sonra bir çox sahələrdə dəyişiklik müşahidə olunur. İslahatlar zamanı bir çox dost ölkələrin təcrübəsindən istifadə edilir. Məsələn, mən bilirəm ki, Azərbaycanın “ASAN Xidmət” texnologiyasına maraq göstərilir.

İkincisi, son dövrlərdə türkdilli dövlətlərin əməkdaşlığı daha da fəallaşıb. İndiki gərgin dövrdə bu əlaqələrin inkişafı və əldə olunan razılıqlar bütün türkdilli dövlətlərin, o cümlədən Azərbaycan və Özbəkistanın xeyrinə olacaq.

– Azərbaycan və Özbəkistan arasında imzalanan sənədlər və əlaqələrin genişləndirilməsi türk dövlətləri arasında inteqrasiyaya necə təsir edəcək?

– Humanitar məsələlərlə bağlı istiqamət artıq aydındır. Əlbəttə, buna bir az da dəstək üçün elmi, hərbi, iqtisadi əlaqələrin inkişafı da mühüm əhəmiyyətə malikdir. Unutmayaq ki, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri hazırda əsas siyasi və iqtisadi mərkəz olan Çinlə Azərbaycanın əlaqələrinin daha da inkişafına təkan verə bilər. Ümumiyyətlə, Çin şirkətləri Özbəkistanda yetərincə fəaldır.

– İki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək barədə saziş imzalanıb. Hərbi sahədə əməkdaşlığın gələcəyini necə görürsünüz?

– Hər iki ölkənin bu sahədə yetərincə təcrübəsi var. Bu təcrübələrin qarşılıqlı şəkildə bölüşdürülməsi, öyrənilməsi, əlbəttə, müsbət haldır. Hələlik ilkin addımlar atılsa da, istiqamət hərbi müttəfiqliyə doğru gedir. Hər halda qarşılıqlı maraqlar var. Bu isə o deməkdir ki, gələcəkdə Azərbaycanla Özbəkistanın hərbi müttəfiq olmaları tamamilə mümkündür.

– Ermənistanla münasibətlərdə Özbəkistanın tutduğu mövqeyi necə dəyərləndirirsiniz?

– Bu, təkcə siyasi məqamlarla bağlı deyil. Eyni zamanda, xalqların yaxınlığından xəbər verir. Tarix boyu ermənilər Özbəkistanda baş verən repressiyaların başında durublar. Yəni tarixi yaddaş öz sözünü deyir. Bu mənada türk dövlətləri arasında əlaqələrin inkişafı, o cümlədən Azərbaycan və Özbəkistan arasında inteqrasiya, cəmiyyətin sifarişidir.

Rəsmi Bakı həmişəki kimi öz xarici siyasətində fəaldır. Biz proseslərə öz töhfəmizi verə biləcəyik. Cəmiyyətdə belə fikir formalaşıb ki, Avropa İttifaqına (Aİ) səfərlər daha vacibdir. Əslində isə bu cür qardaş ölkələrlə münasibətlər Aİ dövlətləri ilə təmaslardan heç də az əhəmiyyətli deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir