İyunun 21-də Azərbaycan və Özbəkistan dövlət başçılarının imzaladıqları “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir, gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.
Özbəkistan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti mərhələsidir. Bu sənəd həm ikitərəfli, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə həll etməyə imkan yaradır. Səfərin yekunları göstərdi ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Özbəkistan üçün açıqdır. Azərbaycanın kommunikasiya xətlərindən istifadə də üçün Özbəkistan üçün qazanclı ola bilər.
Azərbaycan öz kommunikasiya xətlərindən istifadə üçün Özbəkistana tam şərait yaradır. Dövlət başçılarının görüşlərində bu məsələnin əhəmiyyəti xüsusilə vurğulandı. İki ölkə arasında potensial olan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün dövlət başçıları tərəfindən lazımi tapşırıqlar verildi.
Həyata vəsiqə alan digər yeni sənədlər Azərbaycan və Özbəkistan arasındakı tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyəti güdür. Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu.
Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidentinin Daşkənd görüşü Azərbaycan- Özbəkistan arasında münasibətlərin yeni mərhələsinin başlamasından xəbər verir. Bu səfərdən sonra iki ölkə başçısı arasında aparılmış səmimi müzakirələrdən sonra Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daha da möhkəmlənəcək.
Fuad Əzizov, Göytəpə şəhər İƏD üzrə nümayəndə müavini