• Bz. Noy 24th, 2024

İlham Əliyev: “Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir”

ByYenigun.news

İyn 27, 2022

“Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı bildirib.

Məcburi köçkünlərimizin 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyini və doğma yurdlarından məhrum edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, onların qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.

Azərbaycan Prezidenti işğaldan azad olunmuş şəhər və kəndlərdə aparılan bərpa-quruculuq işlərindən danışaraq bildirib ki, Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib, Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.

“Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir”, – deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev vurğulayıb ki, yenidənqurma prosesində hədəf keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlər sırasında olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir