Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfəri zamanı iranlı həmkarı İbrahim Rəisi və ali dini lider Seyid Əli Xamenei ilə görüş keçirdi.
Ərdoğanın Rəisi ilə müzakirələrini iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin inkişafına doğru atılacaq perspektiv addımlar, Xamenei ilə danışıqlarını isə siyasi fikir ayrılıqlarının diplomatik ifadəsi kimi qiymətləndirmək mümkündür.
İranın ali rəhbəri İslam Respublikasının birinci şəxsi olduğundan onun Ərdoğanla müzakirələrini ön planda tutaraq fikirlər yürüdəcəyik.
İran liderinin Türkiyə prezidenti ilə görüşü sanki diplomatik tərzdə deyişmə kimi yadda qaldı, çünki Xamenei Ankaranın siyasətini özünəməxsus şəkildə tənqid edib, lakin bu, tənqidi sülh və təhlükəsizlik adı ilə məharətlə pərdələməyi bacarıb.
Xamenei Türkiyənin Suriyanın şimalında növbəti hərbi əməliyyatlar keçirməsi mövzusuna toxunaraq qısqanclığını nümayiş etdirib.
Ali rəhbər Türkiyənin mümkün əməliyyatlarına işarə edərək qeyd edib ki, Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq.
Xameneinin fikrincə, Suriyanın şimalındakı hərbi əməliyyatlardan yalnız terrorçular fayda götürə bilərlər, bununla da rəsmi Tehran Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək siyasətini tənqid edir.
Xamenei Fələstin mövzusunu da özünün qurduğu dəyirmi masanın mərkəzində tutub və bu fonda yenə Ankaranın İsraillə əlaqələrinin möhkəmlənməsindən sətiraltı şəkildə bərk narahatlığını dilə gətirib.
Ərdoğan isə terrorla birgə mübarizənin vacibliyini dilə gətirərkən cənab Xamenei buna müsbət cavab verib, hərçənd ki, bu mövzuda Tehranın hansı yardım edəcəyi də böyük sual işarələri altındadır.
Türkiyə lideri öz tərzinə sadiq qalaraq ölkəsinin Suriya ilə bağlı mövqeyinin qəti olduğunu deyib, bu, özündə o mənanı daşıyır ki, Ankara öz təhlükəsizliyini İranın arzuları əsasında yox, özünün milli-strateji maraqları çərçivəsində təmin edən siyasəti davam etdirəcək.
Xameneinin tərzindən sonra Ərdoğan Türkiyənin İrana qarşı tətbiq edilən birtərəfli sanksiyalara qarşı olduğunu deyib ki, bu da bir daha ədalətsiz qərarlara qarşı Ankaranın mövqeyini ortaya qoyur.
Cənubi Qafqaz mövzusuna gəlincə, regionda yaranan yeni reallıq da Xamenei-Ərdoğan görüşündə masaya yatırılıb, lakin İran lideri diplomatik tövrlə təhdidqarışıq bir məsələni gündəmə gətirib.
Bəli, İran bir daha Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsi prosesindən ciddi narahatlığını bəyan edib. Xamenei deyib:
“Qarabağın Azərbaycana geri verilməsindən məmnunam. Ancaq İran-Ermənistan sərhədini əngəlləmə siyasəti gündəmdə olacaqsa, ölkəmiz buna qarşı çıxacaq. Çünki bu sərhəd min illərdir ki, əlaqə yoludur”.
Bununla Xamenei İranın hansı açıq-gizli məramını gündəmə gətirir?
Nəzərə almaq lazımdır ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra İranla sərhədinin 132 kilometrinə nəzarəti bərpa edib.
İran isə bu sərhəddəki 38 kilometrlik zolağı özünə dərd edib, yəni, sərhəd dəyişikliyinin qəbuledilməzliyini vurğulamasını regionda yeni oyunçuların çoxalması ilə əlaqələndirir. Ancaq təkcə bununla iş bitmir, Tehran həm də işğal zamanında əldə etdiyi qeyri-leqal gəlirlərdən indi məhrum olduğuna görə maliyyə itkisini həzmə verə bilmir.
Xameneinin sərhədə narahat baxışlarına dair ifadəsində konkret nələrin ehtiva edildiyi də görünmür. Amma onun bəyanatının arxasında Azərbaycan-Ermənistan gündəliyindən İrana qarşı yönələn təəssüratlar yaratmaq cəhdləri durur.
Üstəgəl, aşkar etmək çətin deyil ki, ali rəhbər Zəngəzur dəhlizinin reallaşmasının Azərbaycana verəcəyi hədsiz üstünlüklərin qarşısına keçmək istəyir.
Xamenei ilə Ərdoğanın müzakirə masasındakı fikirlərin gərgin atmosferdə ifadə edilməsinə rəğmən, Türkiyə liderinin Rəisi ilə görüşünün xoş ovqatda keçdiyini söyləyə bilərik.
Prezidentlər görüşdən sonra birgə bəyanatla çıxış ediblər və çıxışlardan öncə iki ölkə arasında əlaqələri bərkidən sənədlər imzalanıb.
Həmin sənədlər aşağıdakı istiqamətləri əhatə edir:
1. Türkiyə ilə İran arasında uzunmüddətli əməkdaşlıq planı,
2. Sosial təminat və idmanın inkişafı sahəsində razılaşma,
3. Kiçik iqtisadi müəssisələrin dəstəklənməsi,
4. Radio və televiziya sahəsində əməkdaşlıq,
5. İkitərəfli investisiyaların təşviq edilməsi.
Ərdoğan da, Rəisi də iqtisadi əlaqələrə vurğu edərək, iki ölkə arasındakı ticarət dövriyyəsinin 7.5 milyard dollardan 30 milyard dollara qaldırılmasının hədəfdə olduğunu deyiblər.
Diqqət mərkəzinə gətiriləcək nöqtələrdən biri də budur ki, Ərdoğan bu rəqəmə çatmaq üçün iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı da düstur kimi önə çəkib.
Ərdoğan PKK, PYD, PJAK, FETÖ kimi təşkilatların həm İran, həm də Türkiyə üçün ciddi mənada bəla olduğunu vurğulayaraq Tehranın da bu mövzularda manipulyasiyalara yol verməməsinə işarə edib.
Tehranda keçiriləcək İran, Türkiyə və Rusiya prezidentlərinin birgə sammiti ən çox Suriya mövzusuna fokuslanacaq. Görünür ki, dəqiqləşmələrdən sonra liderlər bundan sonrakı addımlarını müəyyən edəcəklər.
Aqşin Kərimov