Oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüşün keçirilməsi 10 Noyabr Bəyanatının qəbulundan sonra keçirilən danışıqların texniki davamı idi.
Postmünaqişə dövrünün danışıqlar tərəzisində son bir ildə Qərb siyasi sisteminin həlledici parçası olan Avropa İttifaqının ağırlıq qazanması, əslində, Moskvanı dərin narahatlıqlara qərq etməyib, “Brüssel mərkəzli” dialoqun ruhu və xarakteri elə ABŞ-ni də qane edirdi.
Yəni bir növ Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh gündəliyinin formalaşmasında ABŞ ilə Rusiya arasındakı rəqabətin tarazlaşdırıcı rəmzi kimi qəbul oluna bilərdi.
Ancaq Rusiya-Ukrayna müharibəsinin fazasındakı bəzi yeniliklər, o cümlədən Moskvanın hərb meydanındakı bir sıra uğursuzluqları və ya üstünlükləri Vaşinqtonun digər regionlarda qlobal ehtiraslarını coşdururdu.
Belə olan təqdirdə Moskva Cənubi Qafqaz üzərində hiss etdiyi tarixi-mənəvi hökmranlıq iddialarını aşkar şəkildə nümayiş etdirməyə çalışdı, çünki Ağ Ev Avropa İttifaqının moderatorluğunu özünün xeyrinə inkişaf etdirən bir vasitəyə çevirməyi bacarmışdı.
Zira, Putinin Əliyevlə Paşinyanı Soçidə bir araya gətirməsi üçün səbəbverici motivlərin ümumi mənzərəsi Rusiya və ABŞ-Britaniya ikilisinin kəskin rəqabətinin “bəhrə”si idi. Qərbin aparıcı qolu olan Fransanın Cənubi Qafqazda Rusiyanın hesabına dirçəlmək eşqinə düşməsi isə regionda oyunçu sayının praktiki çoxalmasını şərtləndirir.
Putin qarmaqarışıq bir situasiyada Qarabağ kartını köhnə metodla işə salmağa girişdi ki, oyun qaydalarında ağırlığını təmin etsin, lakin Azərbaycanın mövqeyi və Türkiyənin Bakıya strateji müttəfiqlik dəstəyi Moskvanı da ehtiyatlı mövqedə durmağa sövq edir. Soçi görüşündə əldə edilən “sənədli nəticə” də Rusiyanın emosiyalarının qızışmasına rəğmən, onun Bakı-Ankara tandeminin maraqları ilə uzlaşan xəttə üstünlük verdiyini göstərdi.
Üçtərəfli görüşdən öncə Putin ilk olaraq Paşinyanla görüşdü və ölkəsinin Ermənistanla strateji müttəfiqliyini xatırlatdı, hərçənd ki, Moskva İrəvana müttəfiq nəzəri ilə yox, aşkar forpost kimi baxıb və sənəd üzərindəki partnyorluq Ermənistana xeyir gətirməyib.
Digər tərəfdən, Putin yenə Qarabağa nisbətdə “münaqişə” sözünün çalarlarını təsvir edən fikir səsləndirdi, yəni “Valday” forumundakı tezisini təkrarladı.
Paşinyana gəlincə, o, Putinlə danışıqlarda Ermənistanın Rusiyadan olan gözləntilərini və ya yalvarış dolu ümidlərini ifadə etdi.
Baş nazir Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə keçirdiyi antiterror əməliyyatlarından sonra əldə etdiyi ərazi nailiyyətini həzmə verməyərək dedi ki, Bakı qoşunları əvvəlki mövqelərə çəkməlidir.
Paşinyan eyni məzmunu Azərbaycan-Ermənistan sərhədinə nisbətdə də qeyd etdi, Azərbaycan qoşunlarının 2021-ci ilin may ayındakı mövqelərə doğru geri çəkilməsinin vacibliyini önə sürdü.
Paşinyanın dediklərindən çıxan nəticə budur ki, Azərbaycan nəzarətini bərpa etdiyi ərazilərin heç birindən geri çəkilmək niyyətində deyil və hər keçən gün Bakının Ermənistan üzərindən ağırlaşan şərtləri İrəvanı Moskvadan mədəd ummağa doğru itələyir.
Lakin Putin Paşinyanın Soçi görüşündən öncəki Qərbə sürüşən mövqeyini unutmayıb və İrəvanı cəzalandırmaq Moskvanın prioritetləri sırasında dayanır, hazırkı durğunluq isə yalnız situativ mövqedən irəli gəlir.
Putin Paşinyanla görüşdə Azərbaycan üçün hər nə qədər ikitirəli bir mövqe sərgiləmiş kimi görünsə də, Bakının strateji maraqlarına dəstəyini Zəngəzur dəhlizinin açılmasına münasibətdə ifadə edir. Ona görədir ki, Kreml başçısı nəqliyyat-kommunikasiyaların açılmasının əhəmiyyətini ön planda saxladı.
Putin Paşinyandan sonra Əliyevlə bir araya gəldi, açıq demək lazımdırsa, Rusiya ilə Azərbaycan arasında son bir ay ərzində KİV üzərindən və XİN müstəvisində nə qədər mövqe haçalanması yaşansa da, bu gərginlik iki ölkənin postmünaqişə dövründəki dərinləşən əlaqələrinə xələl gətirməyib.
Bunu liderlərin bir-birilə görüş tərzindən və ikitərəfli görüşün ictimaiyyət üçün açıq olan hissəsindən də görmək mümkündür. Rusiyanın son günlərdəki mövqeyinin yolverilməz olduğunu söyləmək üçün Əliyevə ən münbit platforma elə Putinin qarşısı idi, ona görə də Azərbaycan lideri Qarabağ münaqişəsinin tarixdə qaldığını dedi, Bakı-İrəvan münasibətlərinin normallaşmasının perspektiv üçün yol xəritəsini olduğunu bildirməklə Moskvanın bu istiqamətdəki öhdəliklərinə işarə etdi.
Soçi danışıqlarındakı nəticələrin məhək daşını təşkil edən üçtərəfli bəyanatda həlledici yeni bir istiqamət gözə çarpmır, lakin səhnə arxasında Putinin Azərbaycanın mövqeyinə maksimal yaxınlaşma xəttində dayandığını söyləyə bilərik.
Ən azından, qəbul edilən bəyanatda nə Qarabağ mövzusuna yer verilib, nə Azərbaycanın sərhəddəki ərazi uğurlarına təhdid səsləndirilib, nə də ki, bu zamana qədər “Moskva episentrli” sənədlərdəki razılıqların icrasını ləngidəcək bir söz mətnə salınıb.
Rusiya özünün Qarabağdakı mövcudluğuna vurğu etməkdən ötrü sülhməramlı kontingentin təhlükəsizliyin təmin edilməsindəki roluna diqqət çəkilməsinə nail olub, lakin bu, Bakının maraqlarına qarşı ox kimi dəyərləndirilmək potensialında deyil.
Soçi danışıqları Putinin “Cənubi Qafqazdakı sülh modelində Vaşinqton variantı əsas götürülə bilməz” tezisini tərəflərə çatdırmaq mənasını özündə ehtiva edirdi, lakin bu danışıqlar Qərb-Rusiya rəqabətini zəiflətməyəcək, Azərbaycan isə masada əlini yumruğa çevirmək üçün yeni hərbi əməliyyatlar keçirə bilər.
Bu, həm sülhməramlılar olan zonada, həm də sərhəddə baş tutacaq güc tətbiqi təsvirini cızmağa əsaslar verir, lakin Bakı bir müddət də İrəvana vaxt tanıyacaq.
Putinin görüşdən sonra verdiyi açıqlamanın “qırmızı xətti” Azərbaycanın sərhədlərin delimitasiyasına dair prinsipiallığını müdafiə edir. Putin “Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələsini həll etmək üçün Sovet Baş Qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır” deməklə Əliyevin sərhədlər barədəki tezisinə dəstək verib.
Ancaq Putin indi də sülhməramlı kontingentin taleyini Ermənistanla Azərbaycan arasında sərhəd mövzuları kontekstində müəyyən etmək istəyir, yəni sərhəddəki gərginlik Rusiyanın Qarabağda qoşun saxlaması üçün Kremldə stimulverici ideyaya çevrilə bilər.
PROQNOZLAR:
Azərbaycan sentyabr döyüşlərindən sonra çıxdığı hərbi mövqeləri həm hərb meydanında, həm də diplomatik-siyasi masada qoruyub-saxlayacaq. Bunun üçün bir sıra hərbi tədbirləri də həyata keçirə bilər ki, təhlükəsizlik mühitindəki qara rənglərin sayı azalsın.
Rusiya Qarabağdakı sülhməramlı qüvvələrinə yeni tapşırıq verəcək ki, Gorus-Xankəndi yolu ilə (Laçın dəhlizi) sülhməramlıların xidmət zonasındakı ərazilərə daşınan mallara nəzarəti gücləndirsin, çünki Azərbaycan son günlərdəki bəzi revanşist meyillərdən narahatlığını dilə gətirir.
Azərbaycanla Türkiyə Soçi görüşündən sonrakı siyasi konfiqurasiyanı Moskva ilə gərginliyə getməmək xətti ilə inşa edəcək, ABŞ-nin proseslərdəki iştirakı və İrəvana artan marağı Rusiyanın Ermənistanı cərimə meydançasına salması ilə nəticələnəcək.
Aqşin Kərimov