Tanınmış aşpaz, bloqer, əsasən Azərbaycan mətbəxinə həsr olunmuş kitabların müəllifi olan Stalik Xankişiyev özünün “YouTube kanalında klip təqdimatı edib.
Məşhur kulinarın tar və balabanda ifa etməsi onun pərəstişkarları üçün sürpriz olub.
Belə ki, aşpazı bu klipi çəkməyə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ilhamlandırıb.
“Bu gün, noyabrın 8-i bütün Azərbaycan xalqı üçün, hər bir azərbaycanlı üçün əlamətdar tarixdir. Biz çox gözəl bilirik ki, bu qiymətli qələbə üçün oğlanlarımızın nə qədər qanı tökülüb, nə qədər qiymətli canlar verilib. 44 günlük dastanın hər gününü xatırlayırıq. O günlər narahat olduq, dua etdik, bir çoxları əlindən gələn hər cür köməyi əsirgəmədi. Mənim dostlarım, Bakının ən yaxşı restoranlarında işləyən aşpaz yoldaşlarım ləzzətli, isti yeməklər bişirmək üçün əsgərlərin ardınca cəbhə bölgəsinə yollandılar. Təəssüf ki, onlardan iki aşpaz həlak oldu”, – deyə Stalik Xankişiyev bildirib.
Məşhur aşpaz bildirib ki, musiqini 8 noyabr 2020-ci ildə bəstələyib, Moskvadan, İsraildən, Türkiyədən, Almaniyadan və digər ölkələrdən olan musiqiçilər onun bu təşəbbüsünə qoşulub:
“Rus dilində olan mətni gənc şairə Ülviyyə Axundova yazdı və musiqi ərsəyə gəldi. İlk dəfə musiqini gənc və istedadlı müğənni Emil Qədirov ifa etdi. Nəğmə yayılmağa başladı və bu yaxınlarda Qarabağ əsilli şair Tərlan Zülalov mahnının azərbaycanca mətnini yazıb. Azərbaycanın qəhrəman oğullarının əziz xatirəsinə həsr olunur!” – Stalik Xankişiyev vurğulayıb.