Əcdadlarımızdan bizə miras qalan qədim yaşayış məskənlərimizdən biri Şuşa artıq iki ildir işğaldan azad edilib. Vətən müharibəsinə son nöqtənin qoyulduğu Şuşa zəfəri ilə əslində 44 günlük haqq savaşımız şanlı zəfər tariximizə çevrildi. İki il öncəyə qədər Qarabağ bizim xəyallarımızda yaşayırdısa, bu gün biz bu xəyalı reallığa çevirdik. Əlbəttə ki, uzaqgörən siyasət və güclü ordu sayəsində. Ali Baş Komandan İlham Əliyevin diplomatik arenadakı prinsipial mövqeyi Azərbaycan Ordusunun döyüş meydanındakı qələbəsini də şərtləndirdi.
Siyasi şərhçi Tural İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə təkcə siyasi lider və hərbi strateq kimi deyil, həm də informasiya müharibəsinin komandanı kimi bütün proseslərin önündə yer alırdı.
Heç şübhəsiz ki, Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan etimadı ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Ölkə başçısı hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.