• Ç. Noy 27th, 2024

Mədəniyyət Nazirliyi ölüb?

ByYenigun.news

Noy 10, 2022

Kubra Məhərrəmova yazır…

Məncə, ölüb, ya da özünü ölülüyə vurub. Son bir ildə iki dəfə DTX-nin ziyarətinə məruz qalan Azərbaycan Mədəniyyət Nazirliyi, görünür, həm qurum kimi ölüb, həm də təyin olunan nazir həyat əlaməti göstərmir. Naziri gördüm deyən yoxdur. Bir şey olan kimi də, belə məlum olur ki, cənab nazir ya məzuniyyətdə imiş, ya da ezamiyyətdə.  

Yaxşı ki, kadrlar şöbəsi var, gecə ilə “oformit” edirlər sənədləri. Nazirin müavinləri bir-bir həbs olunur, saxlanılırlar. Nazir isə sadəcə, çiyinlərini çəkir. 

Ya da nazirlik gözləyir ki, özünü daha çox ölülüyə vursa, DTX əməliyyatlara son qoyacaq. Ölüdən nə istəyəsən axı? Ölüb də. 

Yəqin, nazir və onun yaxın ətrafı bu taktikanı seçib. Çünki ağıla gələcək başqa məntiq tapmıram. 

Amma ermənilər öz ənənəvi taktikalarına sadiq qalaraq, yenə də bizim adıbatmış Mədəniyyət Nazirliyinin qabağına “5” qoydular. Özü də yağlı “beş”! 

“Sputnik Ermənistan” saat 13:49 xəbərində yazır ki, “Ermənistan Cenevrə Etnoqrafiya Muzeyinə duduk və digər milli alətlər bağışlayacaq”. Ardınca isə sadalayır, erməni dudukları hələ 2008-ci ildə dünya qeyri-maddi mədəni irs obyekti kimi tanınıb. 

Bundan əlavə, Ermənistan Milli Musiqi Alətlərinin Bərpası və İnkişafı Fondu hədiyyə olaraq iki kamança, iki kanon, üç duduk və iki blul (bir növ fleyta) bağışlayacaq. 

“Sputnik”in məlumatında o da qeyd olunub ki, Azərbaycan 2023-cü ildə balabanın (tütəyə bənzər nəfəs aləti) bəşəriyyətin qeyri-maddi mədəni irsinə daxil edilməsi üçün UNESCO-ya müraciət edib. Məncə, nazirliyimiz tələsib. Niyə 2023? Məncə, daha maraqlı tarix seçmək olardı, məsələn, 2050. 

Yəqin, Mədəniyyət Nazirliyi və naziri düşünür ki, bu məsələni də DTX həll etməlidir. Erməniyə başa salmalıdır ki, bu alətlər Azərbaycanın milli musiqi alətləridir. Bu alətlər isə dünyaya Azərbaycanın milli musiqi alətləri kimi tanıdılmalıdır.

Kamança nə vaxtdan erməni milli musiqi aləti olub? Niyə Mədəniyyət Nazirliyi özü bir iş görmədiyi halda, görülmüş işləri belə, nəzarətdə saxlaya, xarici ölkələrlə mədəniyyət əlaqələrini dəstəkləyə bilmir?! Axı “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Və bunu UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva həyata keçirib

Bu qədər əmək, güc, zaman sərf olunub. İndi, sadəcə, bunları sistemli şəkildə yeniləmək lazımdır. Bu qədərmi çətin bir tapşırıqdır, görəsən? 

Hazırlayıb, qeydiyyatdan keçirib dünyaya təqdim ediblər. Qalır, sadəcə, ermənilərin yarısı qədər işləmək. Amma kimə deyirsən? 

Keçək kanona (qanun). Azərbaycan dilində bu musiqi alətinin adı qanundur. Bu milli musiqi alətinin tarixi qədim olduğu kimi, onun məhz bizim mədəniyyətimizdə istifadə olunması haqqında da qədim məlumatlar var. Bu musiqi alətinin adı dahi Azərbaycan şairləri Nizami Gəncəvinin əsərlərində, Füzulinin “Yeddi cam” əsərində çəkilir. Bu isə o deməkdir ki, bu musiqi aləti o zamanlar belə, tanınıb, populyar olub.

Ümumiyyətlə isə qanunun dünyaya üç növü məlumdur. Türk, Misir, Bağdad. Ancaq Azərbaycan qanunu (kanonu) özünəməxsus quruluşu və səslənməsi ilə fərqlənir. Çünki məhz bu məkanda və buranın sənətkarları tərəfindən kamil bir musiqi alətinə çevrilib.

Amma Ermənistan çox rahatlıqla qanunu (kanonu) özününküləşdirib Cenevrə muzeyində erməni milli musiqi aləti kimi sərgiləyir. İl də 2022-ci il. Erməni dayanmır, bütün əlaqələrini işə salır, özünü mədəniyyət daşıyıcısı kimi dünyaya sırıyır. Oğurluqla, yalançılıqla – fərq etmir. Bizimkilər isə nəinki ortaya bir nəticə qoya bilmir, hətta görülmüş işlərin üstündən belə, xətt çəkirlər. 

Ay Allah, dəli olacağıq bu nazirliklə. 

Fəxri adların satılması, dövlət tədbirlərinə istədikləri adamların dəvət olunması, kimin hesabına pul yazması, kimə yazmaması, kiminsə dövlət sifarişinə qonorarın ödənməməsi, nə qədər istəyirsən dələduzluqda adı hallanır bizim Mədəniyyət Nazirliyinin.

Görəsən, səbəb nədir? Binanın fen-şuy fəlsəfəsinə uyğun olmamasıdır bu qədər uğursuzluğun səbəbi, yoxsa bilmədiyimiz başqa nələrsə var? Bəlkə, ermənilər cadu-sehr edib bizim nazirliyin dil-ağzını bağlayıblar? 

Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin olunan Anar Kərimov bir il də mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmişdi. Bu iki ildə nazirin və nazirliyin yaşamadığı fiasko qalmadı. 

Keçirtdiyi festivallar, tədbirlər – hamısı bir-birindən betər oldu. 

Gah səhnəyə yağış yağdı, rəqqaslar səhnədə kəllə-mayallaq oldular, gah palçıq oldu, camaat yollarda qaldı… Bir söz deyəndə də deyirlər, gözünüz götürmür. Vallah ki, xaricdən gələn qonaqların festival səhnəsində kəllə-mayallaq olması faktdır. Ha gözü götür, ha götürmə. 

Yaxşı, bu bizim daxili auditoriyamız üçündür deyib üstündən keçirik. Pulları silib keçirtmədiyiniz tədbirləri, sərgiləri, müsabiqələri, çəkmədiyiniz filmləri, tenderləri hamısını qoyuram bir kənara.

Pul yeyintisi barədə DTX məlumat verib hamıya, gizli bir şey yoxdur.

Bəs bu boyda nazirlik Azərbaycanın siyasi maraqlarını niyə qorumur? Axı Mədəniyyət Nazirliyi həm də mədəni diplomatiya deməkdir. 

Niyə məğlub olmuş, Azərbaycanın güclü və qalib ordusu tərəfindən, müzəffər Ali Baş Komandanı tərəfindən biabırçı şəkildə məhv olunmuş Ermənistan dayanmadan işləyir? Niyə məğlub olduqları halda belə, ən xırda şansı əldə edən kimi bizim musiqini, musiqi alətlərini, mədəniyyətimizi, yeməklərimizi özününküləşdirib ortaya qoyur?

Amma bizim nazirlik çay qoyub, növbəti dəfə DTX-nin onlara təşrifini gözləyir.

Allah DTX-nin əməkdaşlarına güc və qüvvət versin. Yaxşı ki, onlar var. Başqa da, canınızın sağlığı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir