• Ç. Noy 27th, 2024

ABŞ-da Azərbaycanın Zəfər Günü ilə bağlı ilk Bəyannamə qəbul edilib – FOTO

ByYenigun.news

Noy 11, 2022

Nyu-York şəhərinin Bruklin meriyasında (Brooklyn Borough Hall) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Bruklin inzibati rayonunun, diplomatik korpusun, yerli ictimaiyyətin, türk və yəhudi icmalarının nümayəndələri, ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən diaspor fəalları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova qonaqları salamlayıb. Ardınca Azərbaycan və ABŞ-ın Dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanada üzrə koordinatoru, “The Bukharian Times” həftəlik qəzetinin baş redaktoru Rafael Nektalov və Özbəkistan icmasının ABŞ-dakı məhəllə prezidenti Abdumalik Ahmedov möhtəşəm bayram münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər. Vətən müharibəsi dövründə birlik və həmrəylik nümayiş etdirən diaspor fəallarına minnətdarlıq bildirilib. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Tarixin bütün dövrlərində sülh tərəfdarı olan Azərbaycanın hazırda Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün ciddi səylər göstərdiyi, Qarabağda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində irimiqyaslı işlər həyata keçirdiyi nəzərə çatdırılıb. 

Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso Azərbaycan icmasını tarixi bayram münasibətilə təbrik edib və bildirib ki, meqapolisdə yaşayan soydaşlarımız şəhərin sosial-iqtisadi və mədəni həyatında fəal rol oynayırlar. A.Reynoso Azərbaycanın Zəfər Günü ilə əlaqədar imzaladığı Bəyannaməni Diasporla İş üzrə Dövlət Komitəsinə, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovaya və Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilə təqdim edib.

“Mən onları dünyadakı azərbaycanlılara birlik və həmrəylik təmin etmək zərurətini ön planda tutduqlarına görə alqışlayıram. Bruklində icmalarımızın daha da irəliləməsinə kömək etmək üçün həyata keçirdikləri bütün işlərə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm”, – deyə A.Reynoso bəyannamədə vurğulayıb.

Qeyd edək ki, bu, Azərbaycanın Zəfər Günü ilə bağlı ABŞ-da qəbul edilən ilk Bəyannamədir.

Azərbaycan icmasının bu mühüm tarixi günü heyrətamiz məkanda qeyd etmək xahişini qəbul etdiyinə görə Antonio Reynosoya təşəkkür edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, əlamətdar hadisələr münasibətilə soydaşlarımızın arasında olmaqdan, Azərbaycan hökumətinin və dünyanın hər yerində yaşayan azərbaycanlıların salamlarını tədbir iştirakçılarına çatdırmaqdan böyük qürur duyur. 

Bildirilib ki, xalqımız təkcə ölkəmizin ərazi bütövlüyünü deyil, həm də milli ləyaqətimizi, dövlətimiz beynəlxalq hüququn tələblərini təkbaşına icra etməklə, əslində beynəlxalq miqyasda ədaləti bərpa edib. Gələcəkdə beynəlxalq ictimaiyyətin Azərbaycanın Zəfər Gününü qeyd edəcəyini və dünyanın yeni işğal siyasətinin qarşısının alınması günü kimi xatırlayacağını istisna etməyib.

Sülhsevər və multikultural ənənələrə sadiq Azərbaycanın dünyaya Nizami Gəncəvi, Üzeyir Hacıbəyov, Lütfi Zadə kimi dahi mütəfəkkirlər, alimlər və bəstəkarlar bəxş etdiyi, ölkəmizin davamlı inkişaf yolunda olduğu, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtması üçün azad edilmiş torpaqlarda yeni “ağıllı kəndlər”in salındığı, Qarabağın inkişafına, yenidən qurulmasına sərmayə qoymaq istəyən dünya şirkətlərinə lazımi şəraitin yaradılacağı, Azərbaycanın mühüm strateji tərəfdaşı olan ABŞ-ın Qarabağın dirçəldilməsi layihələrində iştirakının, xüsusilə ölümcül minaların təmizlənməsi üçün humanitar minatəmizləmə əməliyyatlarına dəstəyinin çox vacib olduğu vurğulanıb.

“Dünyaya sülh, dostluq və inkişaf arzulayıram!”, – deyə Komitə rəsmisi bildirib. 

Sonra Vətən müharibəsindən bəhs edən “Dəmir Yumruq” adlı sənədli film göstərilib.

Bədii hissədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Nərgiz Əliyarova,  tarzən Telman Əliyev, saz ifaçısı Timur İsmayılov, müğənni Veronika Yakubova, Rizvan Əliyev və Röya Əliyeva dueti çıxış ediblər. Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub. Gülşən Marşalın ifasında “Sarı gəlin” rəqsi nümayiş etdirilib. Tədbir çərçivəsində “My way” (Mənim yolum) uşaq və gənclərin inkişaf mərkəzi şagirdlərinin ölkəmizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. 

Tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür də iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir